“Xəzər Lənkəran” çox hərəkətli komandadır, qələbə istəyi böyükdür”
20.02.2012 - 17:31
“Xəzər Lənkəran” çox hərəkətli komandadır, qələbə istəyi böyükdür”
“Xəzər Lənkəran”la oyuna yaxşı hazırlamışıq. Sabah meydana 3 xal üçün çıxacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

Premyer Liqanın bu gün startı verilən XXI turunun mərkəzi oyunu sabah Qəbələdə keçiriləcək. Belə ki, “altılıq” uğrunda mübarizə aparan “Qəbələ” bu mərhələyə vəsiqəni rəsmiləşdirmiş cənub təmsilçisini qəbul edəcək.

İlə səfərdə “Simurq”u 1:0 məğlub etməklə başlayan Kavlak ardıcıl 2-ci qələbəsini qazanmağa iddialıdır: “Xəzər Lənkəran”la matçda qələbə bizə çox lazımdır. Çünki bu, həm “altılığ”a düşməyimiz, həm də əsas rəqiblərimizdən birinə yaxınlaşmağımız baxımından vacibdir. Bu üzdən yalnız qələbə üçün oynayacağıq. Matçın necə alınacağı, nəticə haqda matçdan sonra fikir söyləyə bilərik”.

Türkiyəli çalışdırıcı ötən tur izlədiyi rəqibinə hörmətlə yanaşır: “Xəzər Lənkəran” çox hərəkətli komandadır, qələbə istəyi böyükdür. Böyük qüvvə ilə hücum edir. Rəqibin gücünü nəzərə alsaq, çətin matç olacaq. Yeni transferləri Rendal Brenes tanımadığımız hücumçudur və onun debütü bizimlə oyunda reallaşa bilər. İstənilən halda, “Xəzər Lənkəran”la oyunda 3 xal qazanmaq haqda düşünürük”.

“Qəbələ” – “Xəzər Lənkəran” oyunu türkiyəli baş məşqçilərin dueli baxımından maraq doğurur. Belə ki, Kavlakı həmyerlisi Cüneyt Biçərlə sınaq gözləyir. Özü də onların Premyer Liqamızın ən gənc çalışdırıcıları olmağı görüşə əlavə rəng qatır: “Bu, mətbuatın diqqət mərkəzində olan görüşdür. Hər ikimiz Azərbaycan futbolunun inkişafı üçün çalışarıq”.

Kavlak Biçərlə son görüşünün ötən ilin axırında olduğunu bildirib: “Həmin vaxt Gəncədə söhbətləşdik. Onda komandalarımız orada qərarlaşmışdı. “Xəzər Lənkəran”ın “Kəpəz”lə, bizim isə “Turan”la Şəmkirdə səfər matçımız vardı. Biçər hələ “Bakı”nı çalışdırdığı vaxtda özünü sübut edərək, nəticə qazanıb. Azərbaycan kubokunu, çempionatın medalını qazanan məşqçidir. “Xəzər Lənkəran” onun rəhbərliyi altında yaxşı oyun göstərir”.

Mehman SÜLEYMANOV