Moskvada heç-heçə, Napolidə əzmkar qələbə
22.02.2012 - 01:38
Moskvada heç-heçə, Napolidə əzmkar qələbə
Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 matç keçirilib. Apasport.az saytının məlumatına görə, fərqli saatlarda başlayan oyunlar gərgin, maraqlı mübarizə şəraitində keçib. “Real” şaxtalı Moskvada qələbəyə daha yaxın olduğu halda, bunu son saniyələrdə əldən verib. Belə ki, MOİK-in isveçli yeni transferi Pontus Vernblom 3-cü uzatma dəqiqəsində vurduğu tarixi qolla debütdəcə fərqlənib.

Neapoldakı oyunda da meydan sahibləri əzmkarlıq göstərib. Özü də bu, qələbə ilə nəticələnib. “Çelsi”nin ispan yarımmüdafiəçisi Xuan Mata “Napoli”nin kapitanı Paolo Kannavaronun kobud səhvindən sonra hesabı açsa da, qonaqların sevinci uzun çəkməyib. Belə ki, italyanlar hələ fasiləyə kimi hesabda irəli çıxmağa müvəffəq olub. Komandanın əsas qol ümidlərindən olan argentinalı hücumçu Esekyel Lavessinin 2-ci hissədə etdiyi dubl isə mərhələ adlamaq şanslarını artırıb. Bununla da “Napoli” qrupda saxladığı “Mançester Siti”nin ardınca daha İngiltərə klubunu mübarizədən kənarlaşdırmağa yaxındır. “Çelsi” evdəki cavab oyununda bu 2 top fərqli məğlubiyyətin əvəzini çıxa bilməsə, ingilislər ÇL-də təmsilçisiz qalacaq.

21 fevral

“Napoli” (İtaliya) – “Çelsi” (İngiltərə) - 3:1
Lavessi, 38; 65; Kevani, 45 - Mata, 27

MOİK (Rusiya) – “Real” (İspaniya) - 1:1
Vernblum, 90 - Ronaldo, 27