AZAL – “Turan” matçının 2-ci hissəsi niyə gec başlayıb?
21.02.2012 - 16:10
AZAL – “Turan” matçının 2-ci hissəsi niyə gec başlayıb?
Premyer Liqanın XXI turunun AZAL – “Turan” görüşünün 2-ci hissəsi nəzərdə tutulduğundan gec başlayıb. Apasport.az saytının məlumatına görə, buna qonaqların futbolçusu Nadir Nəbiyevin xəsarət alması səbəb olub.

Nadir yıxılan epizodda hakim oyunu dərhal dayandırıb. Nəbiyev ayağa qalxmaq istəyərkən huşunu itirərək yerə sərilib. Bu zaman ona AZAL-da çıxış edən qardaşı Aqil Nəbiyev ilk yardım göstərənlər arasında olub. Nəbiyev təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hissələrarası 15 dəqiqəlik fasilənin sonunadək maşın xəstəxanadan qayıtmayıb.

Meydançada əlavə təcili yardım maşını olmadığından, ikinci hissənin başlamasına icazə verilməyib. Bu səbəbdən, fasilə nəzərdə tutulandan çox çəkib. Yalnız ambulansın gəlişindən sonra ikinci hissənin başlamasına icazə verilib. Futbolçunun vəziyyəti barədə hələlik dəqiq məlumat verilmir.

Qeyd edək ki, Nəbiyev matçda komandasının ilk qolunun müəllifi olub.