“Rəvan” da “altılıq”dan ayrı düşdü
21.02.2012 - 17:09
“Rəvan” da “altılıq”dan ayrı düşdü
Premyer Liqada daha 1 komanda “altılığ”a düşmək şansını rəsmən itirib. Apasport.az saytının məlumatına görə, XXI tur çərçivəsində bu gün səfərdə “Neftçi”yə uduzan (0:1) “Rəvan” taleyini həll edib.

Belə ki, turnir cədvəlində 1 pillə geriləyərək, 8-ci yerə düşən debütant 6-cı olan “Qəbələ”dən artıq 7 xal geri qalır. İlkin mərhələnin sonuna 2 tur qaldığından, “Rəvan” qəbələlilərə çata bilməyəcək.

Göründüyü kimi, “altılığ”a 2 vəsiqə uğrunda 3 iddiaçı qaldı. Bunlar 5-7-ci pillələrdə gedən “Bakı” , “Qəbələ” (hər ikisi 32 xal) və AZAL-dır (26). Ancaq ilk 2 komanda daha şanslıdır.

Çünki “Bakı” ilə “Qəbələ”yə vəsiqəni rəsmiləşdirmək üçün son 2 turda 1 xal da yetərlidir. AZAL-ın üstünlüyü ondadır ki, rəqiblərini şəxsi oyunlarda qabaqlayır. Bu, xallar bərabər olacağı halda, onu üstün edəcək. Onun reallaşmağı üçünsə “Bakı” ilə “Qəbələ” son 2 turda uduzmalı, AZAL mütləq qalib gəlməlidir.

“Təyyarəçilər”ə evdə autsayder “Sumqayıt”ı yenmək asan olacaqsa, bunu “Qarabağ”la səfər matçında reallaşdırmaq çətin görünür.