Elçin Məmmədovun Mahir Şükürova qırmızı vərəqə göstərməyə cəsarəti çatmadı
22.02.2012 - 11:38
Elçin Məmmədovun Mahir Şükürova qırmızı vərəqə göstərməyə cəsarəti çatmadı
“Xəzər Lənkəran” klubunun futbolçusu Katalin Doman Premyer Liqanın XXI turunda səfərdə “Qəbələ”yə uduzduqları oyunda (1:2) baş hakim Elçin Məmmədovun qərarını düzgün saymır.

Rumıniyalı sol cinah müdafiəçisi apasport.az saytına açıqlamasında bildirib ki, matçın 60-cı dəqiqəsində ona qarşı kobudluğu Aleksandr Çertoqanov yox, Mahir Şükürov etmişdi. Amma hakim hesabında artıq 1 sarı vərəqəsi olan Şükürovu növbəti dəfə cəzalandırıb, meydandan qovmağa cəsarəti çatmadı.

Həmin epizodda Şükürovla Çertoqanov Domandan topu almaq üçün mübarizəyə birgə girişdilər ki, sonda Katalin kobudluqla üzləşdi. Rumıniyalı legionerin sözlərinə görə, həmin epizodda Çertoqanov hansısa qayda pozuntusuna yol verməmişdi: “Amma baş hakim Çertoqanovu cəzalandırdı. Halbuki mənə qarşı kobudluq edən Mahir idi. Bu üzdən baş hakim sarı vərəqəni düzgün göstərmədi”.

Şükürov ilk hissənin birinci uzatma dəqiqəsində sarı vərəqə aldığından, 2-ci “sarı”nı da alacağı halda, meydandan çıxarılmalı idi. Ancaq Məmmədovun sarı vərəqəni Çertoqanova göstərməyi meydan sahiblərini oyunu 11 nəfərlə başa vurmağına imkan verdi.