Doroşev dayandı, Pavloviç rekorda doğru
22.02.2012 - 12:13
Doroşev dayandı, Pavloviç rekorda doğru
“Qarabağ” Premyer Liqanın cari mövsümündə rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, XXI turun “Kəpəz”lə ev oyununda da (1:0) qapısını toxunulmaz saxlayan Ağdam təmsilçisi ardıcıl 6 görüş qol buraxmayan ilk komanda olub.

Bunun əsas memarı olan serb qapıçı Boyan Pavloviç sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”yə səfərdə 1:2 hesabı ilə uduzduqları oyunda öz qapısında qol görüb. Həmin görüşdə “Qarabağ”ın qapısına sonuncu qolu vuran Flavinyodan sonra heç kim Pavloviçi məyus edə bilmir. Braziliyalının matçın 88-ci dəqiqəsində vurduğu qoldan sonra serbiyalı artıq 542 dəqiqədir qapısını toxunulmaz saxlayır.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun “quru seriya”larını özündə əks etdirən siyahıya düşmək üçün Pavloviçin cəmi 118 dəqiqəsi çatmır. Çünki adıçəkilən siyahıya daxil olmaq üçün 660 “quru dəqiqə”yə malik olmaq zəruridir.

Serbiyalı təsnifat mərhələsinin son 2 oyununda – AZAL və “Simurq”la ev oyunlarında bu göstəriciyə nail olmağa yaxındır.

Artıq adı həmin siyahıda olan, lakin 2-ci dəfə seriyası ilə fərqlənmək iddiasında olan “Qəbələ”nin qapıçısı Pavel Doroşev isə “Xəzər Lənkəran”la matçda qol buraxdı. Bunadək sonuncu dəfə XV turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la görüşündə qapısında top görən latviyalını bu dəfə Rahid Əmirquliyev məyus edib. Pavel ötən ilki matçın 39-cu dəqiqəsində Samir Abasovun fərqlənməsindən Rahidin qolunadək 437 dəqiqə qol buraxmayıb.

Qeyd edək ki, ötən mövsümdə imza atdığı 952 dəqiqəlik “quru seriya” ilə Doroşev dünya reytinqində 68-ci pillədədir.