“Ayılanda gördüm ki, maşındayam”
22.02.2012 - 16:30
“Ayılanda gördüm ki, maşındayam”
“Turan” klubunun hücumçusu Nadir Nəbiyevin apasport.az saytına müsahibəsi

- AZAL-la oyunun fasiləsində təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldınız. Həkim müayinəsindən sonra hansı diaqnoz qoyuldu?
- Ciddi bir şey yoxdur. Rəqib futbolçunun zərbəsi sinir sistemimə dəymişdi. Bu səbəbdən də özümü yaxşı hiss etmədim.

- Ayağa qalxsanız da, sonradan huşunuzu itirdiniz...
- Yerə yıxıldığımı hiss etmədim. Daha doğrusu, bunu mənə sonradan dedilər. Ayılanda gördüm ki, təcili tibbi yardım maşınındayam.

- Həmin epizodu necə xatırlayırsınız?
- Açığı, həmin epizodda topa çatmırdım. Bunu bilsəm də, havaya qalxmaqla rəqib futbolçunu çaşdırmaq istədim. Havada olarkən mənə zərbə dəydi. Səhv etmirəmsə, Viktor İqbekoyi məni dirsəyi ilə vurdu. Hər şey bir göz qırpımında baş verdi. Düzdür, ağrı hiss etsəm də, bunun keçib gedəcəyini düşündüm. Amma hadisələr əksinə cərəyan etdi. Başıma istilik gəldi, sağ tərəfim isə tamamilə keyləşmişdi. Heç nə hiss etmirdim.

- “Neftçi”də oynayan zaman çiyniniz sınmışdı və bu səbəbdən uzun müddət yaşıl meydanlardan kənarda qaldınız. Yenə həmin yerdə sınıq var?
- Bəli, “Neftçi”də analoji zədə ilə qarşılaşmışdım və buna görə bir müddət komandama kömək edə bilmədim. Əvvəlcə elə bildim ki, yəqin yenə həmin yerdən çiynim sınıb. Lakin tibbi müayinədən sonra ciddi heç nə çıxmadı.

- Bəs həkimlər məşq etməyinizə icazə veribmi?
- Hələ bu haqda bir söz deyilməyib. Yenidən həkim müayinəsindən keçəcəm. Bundan sonra hər şey dəqiqləşəcək. Həm də komanda 2 günlük istirahətə buraxılıb.

- Komandanızın qış fasiləsindən sonra keçirdiyi oyunlarla bağlı nə deyə bilərsiniz?
- Xal alacağımıza ümid edirdik. Ancaq hər şeyə real yanaşdıqda bunun çətin olacağını, bəlkə də mümkün olmayacağını düşünürdük. Çünki Premyer Liqa klublarının hamısı yanvarın əvvəlindən hazırlığa başlayıb, əksəriyyəti Türkiyədə, gedə bilməyənlər isə burda təlim-məşq toplanışı keçirib. Amma bizim komanda yeni yığılıb. Təxminən 10 gündür kollektiv məşq edirdik. Biz təlim-məşq toplanışı keçirməmişik. Ona görə də komanda birinci hissədə yaxşı oynayır. Fasilədən sonra bir neçə dəqiqə mübarizə apardıqdan sonra, güc tükənir və müqavimət göstərə bilmirik.

- Bu gedişlə “Turan” Premyer Liqada qala biləcəkmi?
- Bunu bacarmağa çalışacağıq. “Turan”ın Premyer Liqada qalacağına ümid edirik. Yaxşı ki, yığmanın toplanışı ilə əlaqədar çempionatda fasilə yaranıb. Bundan maksimum yararlanacağıq.