AFFA “Neftçi”nin futbolçusunu 3 oyunluq cəzalandırdı
22.02.2012 - 16:42
AFFA “Neftçi”nin futbolçusunu 3 oyunluq cəzalandırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın son turu ilə bağlı xoşagəlməz olaylara hüquqi qiymət verən qurum üzvləri bir sıra qərarlar çıxarıb.

“Kəpəz”lə “Xəzər Lənkəran” 4 futbolçusu sarı aldığı üçün hərəyə 1000 manat cərimələnib. “İnter”in futbolçusu Arif Daşdəmirov “Sumqayıt”la oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzaya, 2000 manat cəriməyə məruz qalıb. “Bakı”nın sloveniyalı futbolçusu Lukas Mario Horvatla “Kəpəz”in müdafiəçisi Əli İsmayılovun cəzası eyni olub. Belə ki, 2 sarı aldıqlarına görə meydandan kənarlaşdırılan futbolçular 1 oyunluq cəzalanıb, klubları 200 manat cərimələnib.

“Neftçi” – “Rəvan” matçının videoyazısını izlədikdə 83-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Mirhüseyn Seyidovun təhqiredici hərəkətlər etdiyi aşkar edilib. Bu səbəbdən yarımmüdafiəçiyə 3 oyunluq cəza və 2000 manat cərimə kəsilib. Seyidova verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq ediləcəkdir. Yəni ona 6 aylıq sınaq müddəti verili və bu dövrdə yenidən cəzalanacağı təqdirdə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaqdır.

Mənbə: affa.az