“Heç “Turan”la oyuna da çıxmaq fikrim yox idi”
23.02.2012 - 00:02
“Heç “Turan”la oyuna da çıxmaq fikrim yox idi”
“Komandamızın Premyer Liqada 200-cü qolunun müəllifi olduğumu oyundan sonra öyrəndim. Matçdan əvvəl bununla bağlı bizə heç nə deyilməmişdi”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun yarımmüdafiəçisi Zohair Benouahi deyib.

Premyer Liqanın XXI turu çərçivəsində “Turan”la qarşılaşan AZAL yubiley - 200-cü qolunu vurub. Qolun müəllifi olan mərakeşli yarımmüdafiəçi bundan məmnun olduğunu gizlətməyib: “Bizim klubda oyundan öncə belə statistiki məlumatlar verilmir. Ona görə də bu haqda düşünmürdüm. Sonra öyrəndim ki, klubun yubiley qolunun müəllifi olmuşam. Əlbəttə, klubun tarixinə düşməyimdən şadam”.

Bu arada “Xəzər Lənkəran”la matçda meydana çıxmadığı üçün futbolçu haqda xoşagəlməz söz-söhbətlər yayılmışdı. Belə ki, onun başqa klublardan sərfəli təklif aldığı, amma rəhbərlik tərəfindən getməsinə icazə vermədiyi üçün özünü zədəli kimi göstərdiyi deyilirdi. Məsələyə münasibət bildirən Benouahi bunun yanlış olduğunu, AZAL-dan ayrılmağı düşünmədiyini deyib: “Zədəli olduğum üçün oynamırdım. Heç “Turan”la oyuna da çıxmaq fikrim yox idi. Çünki belimdə ağrılar var idi. İynə gücünə meydana çıxdım. Zədəli olduğum halda, necə oynaya bilərəm? Deyilənlər yanlışdır”.

Bununla belə, futbolçu yayda İran klublarından sərfəli təklif aldığını açıqlayıb: “Hansı ki, mənə təklif edilən məbləği Azərbaycanda tək-tük futbolçular alır. İranın “Perspolis” klubu xidmətimdə maraqlı idi. Ötən yayda Antalyada olan vaxt onlarla yoldaşlıq oyunu keçirdik. Hətta qol da vurdum. Oyunum rəqib baş məşqçinin xoşuna gəldiyi üçün məndən əl çəkmirdi. O, yüksək məbləğ də təklif etdi. Çox təkid etsələr də, AZAL-la müqaviləm olduğundan, qalmağı üstün tutdum”.

Yarımmüdafiəçi gələcəklə bağlı indidən konkret fikir bildirməsə də, çempionluq uğrunda mübarizə aparan komandanın üzvü olmağı düşünür: “Gələcəkdə necə olacağını bilmirəm. Müqaviləm bitdikdən sonra AZAL-ın iddiasına baxacam. Yəni, pul birinci deyil. Həm də gərək klub iddialı olsun. Artıq çempionluq uğrunda mübarizə aparmaq istəyirəm. Ona görə də təklif aldığım zaman yalnız maliyyə tərəfini düşünməyəcəm. Klubun iddialı olması puldan önəmlidir”.