Dubayda 4-cü görüş, yeni tarix, nəhs və 58-ci rəqib
23.02.2012 - 13:32
Dubayda 4-cü görüş, yeni tarix, nəhs və 58-ci rəqib
Azərbaycan millisi tarixində ilk dəfə Sinqapur yığması ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, “aslanlar” indiyədək 57 komanda ilə görüşən komandamız üçün 58-ci rəqib olacaq.

Ümumilikdə, 58-ci olacaq rəqibimiz qarşılaşacağımız nəhs – 13-cü Asiya təmsilçisidir. Təbii ki, bu qitədə yerləşib UEFA-ya daxil olan ölkələr sayılmamaq şərtilə. Millimiz indiyədək Özbəkistanla 8, İranla 4, Qırğızıstan, Tacikistan, Türkmənistan, Küveyt, Oman, İordaniya ilə 2, Bəhreyn, Birləşmiş ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İraq yığmalarının hərəsi ilə 1 dəfə üz-üzə gəlib.

Asiyalılarla 29-cu matça çıxacaq komandamız bu qitə təmsilçiləri ilə əvvəlki 28 görüşdə uğurlu çıxış edib. Bu matçlarda 11 qələbə və 8 heç-heçəsi olan yığmamız 9 dəfə uduzub. Top fərqində də komandamız üstündür – 37:34.

İndiyədək heç vaxt fevralın 24-də meydana çıxmayan yığmamız yeni rəqiblə özü üçün yeni tarixdə üz-üzə gələcək. Komandamız əvvəllər fevralda oynasa da, həmin görüşlər ayın 24-ə təsadüf etməyib.

Millimiz Sinqapurla neytral meydanda – Dubayda görüşəcək ki, bu şəhər əvvəllər də yığmamızı qəbul edib. Tarixində 4-cü dəfə Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərində oynayacaq yığma hələlik bu məkanda qalib gələ bilməyib. Düzdür, yığmamız bu ölkənin digər şəhəri olan Əl-Aynda qələbə sevinci yaşayıb. Lakin Dubaydakı 3 görüşdə yalnız 2 heç-heçə ilə kifayətlənib.

14 dekabr 2003. Dubay. BƏƏ – Azərbaycan - 3:3
1 fevral 2009. Dubay. Azərbaycan - Özbəkistan - 1:1
9 fevral 2011. Dubay. Azərbaycan – Macarıstan - 0:2


.