Qurban Qurbanov: Həmin sualı da o vaxt “Neftçi”nin məşqçisinə verirdilər
23.02.2012 - 18:09
Qurban Qurbanov: Həmin sualı da o vaxt “Neftçi”nin məşqçisinə verirdilər
“Vaqif Cavadovun nə vaxt oynayacağı hələ bilinmir. Ən pis halda, 3 tur sonra meydana çıxa biləcək. Avrokuboklara getmək üçün kifayət qədər şansımız var. Çempionluq üçünsə nəsə demək tezdir. Hələ əsas oyunlar qarşıdadır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubun azarkeş qrupu olan “İmarət”ə onlayn-müsahibə verən 40 yaşlı çalışdırıcı bir sıra məqamlara aydınlıq gətirib.

Komandasında yarımmüdafiənin sol cinahında yetərincə futbolçular olduğuna görə problem görməyən Qurbanov keçən il olduğu kimi, aşağı yaş qruplarından əsas komandaya futbolçular seçəcəyini bildirib. O, komandada öz yetirmələrinin yaxın 1-2 ildə əsas heyətdə yer almağının gözlənilmədiyini deyib: “Amma bu, mütləq olacaq. Təbii ki, axtarışlar davam edir. Ancaq perspektivli oyunçu tapmaq da çətin məsələdir. Hələ bəzilərinin yetişməsini gözləyirik”.

Çalışdırıcı qapıçılar – serbiyalı Boyan Pavloviçlə Fərhad Vəliyev arasında seçimi haqda fikirlərini açıqlayıb: “Hər ikisinə də şans verməyə çalışırıq. Fərhad bir vaxt zədələndiyi üçün Boyan əsas heyətə düşdü və özünü müsbət tərəfdən göstərdiyi üçün yerini möhkəmləndirdi. Mən də onların arasında heç bir fərq qoymuram”.

Qurbanov hücum xətlərinin qənaətbəxş olduğunu və digər işlərin futbolçularının üzərinə düşdüyünü bildirib: “Əsas odur ki, qol epizodlarını son oyunlarda yaxşı təşkil edə bilirik. Qalan problemlərimiz zamanla düzələcək. Futbolda olur, birdən alınmır. Ancaq zənnimcə, hücumçularımız bacarıqlıdır. Biz həmişəki kimi, azərbaycanlı oyunçulara üstünlük veririk. Baxın, 3 ildir Raufun üzərində işləyirik, indi “Qarabağ” da, milli komanda da onun bəhrəsini görür. Legioner oyunçu gətirmək asan iş deyil. Azərbaycanda ən uğurlu legioner siyasətini biz yürüdürük. Azərbaycan futboluna nə cür bəhrə verəcəyimizi düşünməliyik. Mən yenidən legioner gətirib, Raufu ehtiyata atsam, bu, bizim ziyanımıza olar”.

Baş məşqçinin sözlərinə görə, “Qarabağ”ın Avroliqada oynadığı oyunu mili çempionatda göstərə bilməməyi sırf texniki məsələlərlə bağlıdır: “Birincisi, biz həmin oyunlara yaxşı meydançalarda hazırlaşırıq. Oyunlarımız da yüksək səviyyəli stadionlarda baş tutur. Lakin çempionatdakı stadionlar bizim oyunumuzun sürətini aşağı salır. Bir də ki, xarici klublardan daha çox Azərbaycan klubları bizim oyun sistemimizi yaxşı bilir və oyuna daha planlı hazırlaşır. Mümkünsüz heç nə yoxdur. Allah nəsib etsə, 15 xal fərqini də aradan qaldırmaq olar”.

Qurbanov Leonardo Roşanın gedişindən sonra onun mövqeyinə transfer edilən Makedoniya yığmasının mərkəz yarımmüdafiəçisi Muarem Muaremi dəyərləndirib: “Muarem bir az fərqli tipdə oyunçudur. Amma hər halda ondan gözlədiyimiz çox şey var. Biz ona inanıb gətirmişik. Özünü müsbət cəhətdən göstərsə, yavaş-yavaş meydanda yer alacaq. Digər makedoniyalı yarımmüdafiəçimiz Nderip Nedzipiyə gəlincə, ola bilər ki, Rəşad Sadiqovun yoxluğunda o da hazır olmur. Azarkeşlərin meydandan kənardakılardan xəbəri olmur, axı. Ancaq sizi əmin edirəm ki, bir oyunçu istər fiziki, istər zehni cəhətdən oyuna hazırdırsa, “Qarabağ”da əsas heyətdə meydana çıxır”.

Qurbanov məşqçi kimi debüt etdiyi “Neftçi”nin son vaxtlar “Qarabağ”la oyunlarda məğlubiyyətsizliyinin səbəbindən danışıb: “2008-10-cu illər arasında da 3 il müddətində biz məğlub olmamışıq. Həmin sualı da o vaxt “Neftçi”nin məşqçisinə verirdilər. Futbolda bəzən belə olur ki, hansısa komandanın bir komanda ilə oyununda şanssızlıqlar olur. Ancaq düşünmürəm ki, “Neftçi” futbolçulara görə “Qarabağ”a bələddir. Çünki bu komandada tez-tez məşqçi dəyişdiyinə görə yeni sistem gəlir və o məşqçi də öz fəlsəfəsini tətbiq edir”.

Çalışdırıcı Ağdamdakı azarkeşlərin hər birinə təşəkkür edib: “Oyundan əvvəl və sonra adi mənə yaxınlaşmaqlarından məhəbbətlərini duyuram. Ancaq azarkeşlik baxımından hələ tam hazır deyillər. Onları da başa düşürəm. Yerli camaatın gündəlik problemləri buna imkan vermir.

Torpaqların didərgin düşüblər. Qəlbləri qırıqdır. Düşünürəm ki, bütün qələbələrimiz Qarabağdan yaralı olan Qarabağlılar üçündür. Biz bunun üçün çalışırıq”.