Millimiz qələbəni əldən verdi - YENİLƏNİB
24.02.2012 - 19:32
Millimiz qələbəni əldən verdi - YENİLƏNİB
Bu gün Azərbaycan milli komandası 2012-ci ildə ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışında keçirdiyi ilk yoldaşlıq görüşündə Sinqapur millisi ilə heç-heçə edib – 2:2.

Komandamız oyunun gedişində hesabda 2 top irəlidə olsa da, qələbəni əldən verib. Belə ki, Rauf Əliyev 15-ci, Mahir Şükürov 62-ci dəqiqədə qollarımızın müəllifi olub. Ancaq Saydju Esax 72-ci, Şaxdan Sulayman 2-ci uzatma dəqiqəsində millimizin qapıçısı Andrey Popoviçin topu tordan çıxartmağa məcbur edib.

Milli komandamız Dubayda 2-ci oyununu fevralın 27-də Hindistan yığması ilə keçirəcək.

24 fevral
AZƏRBAYCAN – SİNQAPUR - 2:2
QOLLAR: Rauf Əliyev, 15, Mahir Şükürov, 62 - Şaydju Esax, 72, Şaxdan Sulayman, 90+2
Baş hakim: Fahed Əlksura (Birləşmiş Ərəb Əmirlikləri)
Hakim-köməkçiləri: Həsən Suqrəti, Yasem Əlali, İbrahim Məhari (hamısı Birləşmiş Ərəb Əmirlikləri)
Dubay (BƏƏ). “The Sevens” stadionu

AZƏRBAYCAN: 23. Andrey Popoviç, 4. Mahir Şükürov, 8. Aleksandr Çertoqanov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 18. Rizvan Umarov, 19. Rahid Əmirquliyev, 20. Ufuq Budak, 21. Vladimir Levin, 22. Əfran İsmayılov, 26. Vüqar Əsgərov.

SİNQAPUR: 1. Xasan Sanni, 12. Aqu Kaşmir, 5. Baynakki Xayzan, 16. Daniel Bennet, 10. Fazrul Nazvas, 3. Şaydju Esax, 20. Ruzairi Zayral, 4. İsa Xalim, 17. Şaxril İşak (k), 15. Musratik Faxrudin, 8. Şaxdan Sulayman.

Komandalar meydana çıxıb. Əvvəlcə Sinqapurun himni, ardınca bizim himn səslənir. Təxminən 15 min nəfərlik stadionda azarkeş yoxdur.
Xocalı soyqırımı ilə bağlı 1 dəqiqəlik sükut elan edilir.
Oyuna Sinqapur yığması başladı. Millimiz ilk dəqiqələrdən pressinq etməyə başlayır.
Meydanın mərkəzində Vüqar Əsgərova qarşı kobudluq edilir.
Sinqapur sağ cinahdan hücuma keçdi. Amma qapı qarşısına ötürməni Rəşad küncə çıxardı.
Künc zərbəsindən sonra yığmamız əks-hücuma atılır. Amma Rauf Mahirin güclü ötürməsini saxlaya bilmir.
Sinqapur yığmasının növbəti hücumu təhlükəli alındı. Son anda Ufuk Budak topu cərimə meydançasından çıxardı.
Qapıçının ötürməsindən sonra Sinqapur millisi təhlükəli hücum təşkil etdilər. Sağ cinahdan qapı qarşısına edilən ötürmədən sonra Musratik Faxrudinin zərbəsi qapıdan azca aralı keçdi.
Cərimə meydançası qarşısında Şükürova qarşı kobud oynayırlar.Onun qapı qarşısına ötürməsini rəqib auta çıxarır.
QOL!!!
Əfranın sağ cinahdan irəliləyib, cərimə meydançası daxilində olan Raufa ötürmə verir. Əliyev də öz növbəsində rəqibdən sıyrılıb topu uzaq küncə göndərir
1:0. Yığmamız öndədir!
Yığmamızın növbəti hücumu. Amma Əfran topa çata bilmədi.
Rəqib təxminən 30 metr məsafədən cərimə zərbəsi vurur. Amma top canlı səddən qayıdır.
Millimiz hesabı artırmağa yaxın olur. Son anda cərimə meydançası daxilində Əfranla Mahir bir-birini başa düşə bilmədilər.
Sinqapur yığmasının növbəti həmləsi. Ancaq Şaxdan Sulayman ofsayda düşür. Ancaq rəqib ofsayda düşür.
Andrey Popoviç yaxşı oynadı. Gənc qapıçı Aqu Kaşmirin yaxın məsafədən güclü zərbəsini dəf edərək, topu küncə çıxarır.
Şaxdan Sulayman qapıçı ilə təkbətək çıxa bilərdi. Mahir son anda başı ilə topu Popoviçə atır.
Şaxdanın zərbəsi qapıdan azca aralı keçdi.
Rahid Əmirquliyevin qapıya qüvvətli zərbəsi azacıq qeyri-dəqiq alındı.
Mahirin qapı qarşısına asmasını Xasan Sanni tutur.
Meydanın mərkəzində Əfrana qarşı kobud oynayırlar.
Qapımız qarşısında təhlükəli vəziyyət yarandı. Aqu Kaşmir ofsayda düşür.
Rəqibin sağ cinahdan növbəti təhlükəli hücumu. Ufuk Budak son anda hücumun qarşısını alır.
İlk yarıya 1 dəqiqə əlavə olunur.
Millimiz küncə zərbəsi vurur. Müdafiəçilər topu qapı qarşısından uzaqlaşdırırlar.
Mahir qapı qarşısına ötürmə verdi. Amma Əsgərov qapıya zərbə vurmağa gecikdi.
İlk yarı başa çatdı.

İkinci hissəyə komandamız başladı. Ruslan Abışov Rəşad Sadıqovu əvəzləyir. Kapitan sarğısı Mahirə verildi. Murad Ağayev Umarovun yerinə meydana daxil oldu. Sinqapur isə 2-ci hissəyə 3 əvəzetmə ilə başladı.
Murad Vüqara yaxşı ötürmə verdi. Amma Əsgərov topa çata bilmədi.
Rəqib arxadan Raufu tutub saxlayır. Millimiz cərimə zərbəsi vuracaq.
Mahirin qüvvətli zərbəsini qapıçı tutur.
Yığmamız çox baxımlı hücum təşkil edir. Ancaq son anda futbolçularımız bir-birini başa düşə bilmirlər.
Millimiz hesabı artıra bilərdi. Əfran sağ cinahdan irəliləyib, cərimə meydaçasına daxil oldu. Amma sinqapurlular hücumun qarşısını alırlar.
Yığmamızın növbəti təhlükəli hücumu. Rauf müdafiəçini aldadıb, qapıya zərbə vurur. Müdafiəçiyə çapran top qapı xəttindən çıxır.
Mahirin künc zərbəsini müdafiəçilər qapı qarşısından uzaqlaşdırırlar.
Popoviçdən əla reaksiya! O, rəqibin doqquzluğa zərbəsini qapının üstündən aşırır.
Raufu cərimə meydancası qarşısında yıxırlar. Millimiz təhlükəli nöqtədən zərbə vuracaq.
Vüqar Əsgərov yerini Vüqar Nadirova verir.
2-ci QOL!!!
Mahir cərimə zərbəsindən topu birbaşa qapıya vurur. Qapıçı zərbə qarşısında aciz qaldı.
Çertoqanovun zərbəsi qeyri-dəqiq oldu.
Levin rəqibi cərimə meydanında yıxdı. Qapımıza penalti verildi.
Şaydju Esax dəqiq oldu -2:1. Amma hakim zərbənin yenidən vurulmasını tələb edir.
Şaydju Esax fərqi azaldır.
Raufun yaxın məsafədən zərbəsi dəqiq alınmadı.
Foqts Əfranı Branimir Subaşiçlə əvəzləyir.
Müdafiəçilər Raufu cərimə meydançasında yıxırlar. Hakim korner qeydə alır.
Subaşiçin zərbəsini qapıçı tutur.
İkinci hissəyə 3 dəqiqə əlavə olunur.
Sağ cinahdan hücum zamanı rəqib hesabı bərabərləşdi. Şaxdan Sulayman fərqləndi.
Oyun başa çatdı.