Emin Mahmudov: Ehtiyatda oturmaq yox, oynamaq istəyirəm
24.02.2012 - 11:45
Emin Mahmudov: Ehtiyatda oturmaq yox, oynamaq istəyirəm
”Tomsk variantı son anda yarandı. Hər halda, klubda yaxın vaxtlara kimi vəziyyət qeyri-müəyyən idi. Perspektivlər aydınlaşandan sonra mənə dəvət gəldi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Tom” klubunun yeni transferi Emin Mahmudov deyib. Moskva “Spartak”ı daha çox ehtiyatda oturan 19 yaşlı azərbaycanlı futbolçunu oyun praktikasını qazanmaq üçün cari mövsümün sonuna kimi Premyer Liqanın autsayderinə icarəyə verdi.

Eminin sözlərinə görə, bu kluba keçidin reallaşacağı haqda “Spartak”ın son təlim-məşq toplanışı zamanı öyrənib: “Bütün danışıqlar agentim vasitəsilə gedirdi. “Tom”un baş məşqçisi Sergey Perednya və rəhbərliklə cümə günü tanış oldum. Elə alındı ki, Sibir komandası “transfer pəncərəsi”nin sona günü Moskvada olacaq. Müqavilənin bütün şərtləri razılaşdırılıb. Ona görə mənə yalnız sənədə imza atıb, təlim-məşq toplanışına yollanmaq qalır. Heç bir tərəddüdüm olmadı. Əksinə, keçidə dərhal razılıq verdim. Ehtiyatda oturmaq yox, oynamaq istəyirəm. Gözəl başa düşürəm ki, istənilən komandada olduğu kimi, burada da meydana çıxmağa layiq olmalısan. Ciddi işləmək lazımdır və mən buna hazıram”.

Mahmudov ötən qışda keçdiyi “Spartak”da heyətə düşə bilməməyi haqda danışmaq istəməyib: “İndi keçmiş yada salmaq istəməzdim. Gələcəyə baxmağa, yeni futbolçusu olacağım “Tom”a necə kömək etmək haqda fikirləşməyə üstünlük verirəm. Məni icarəyə veriblərsə, yəqin, bu, mənə inandıqlarını göstərir. Əlbəttə, belə demək olar ki, yaxşı oynasam, yenidən “Spartak”da olacağam. Ancaq məni gələcəkdə nə gözlədiyini yalnız Allah bilir”.

Emin oyun praktikası sarıdan korluq çəkməyinə və yeni komandasının autsayder olmağına görə narahat deyil: “Hesab edirəm ki, pis formada deyiləm. Hər halda, “Birlik kuboku”nda gənclər yığmasının heyətində oynadım. Sonradan İspaniyada “Spartak”la toplanış keçdim. Əlbəttə, kim daimi oynayırdısa, digər yükləmələr aldı. Ancaq mən tam məşq prosesinin lazımı iş həcmini yerinə yetirdim. Hələ hər şeyi düzəltmək olar. Üstəlik, Tomsk komandasında heyət güclənir. Mən xəbərləri izləmişəm. Bilirəm ki, yaxında Andrey İvanovla müqavilə imzalayıblar. Yalnız işləmək və inanmaq qalır ki, Premyer Liqada yerimi qoruya biləcəyik”.

Qeyd edək ki, ölkəmizdə anadan olan, sonradan ailəsi ilə birgə Moskvaya köçən Mahmudov AFFA-dan millimizdə oynamaqla bağlı rəsmi təklif alsa da, hələ ki Rusiya yığmasında çıxış etməyə üstünlük verir.