Araz Abdullayevin kapitanı Bakıya baş məşqçi kimi gəlir
24.02.2012 - 12:23
Araz Abdullayevin kapitanı Bakıya baş məşqçi kimi gəlir
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) 2013-cü il Avropa çempionatının seçmə mərhələsində rəqiblərində olan İngiltərə U-21-də maraqlı təyinat reallaşıb. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası bu yığmaya baş məşqçi “Everton”un kapitanı Fil Nevill təyin edib. “Mançester Yunayted”də qardaşı Qari Nevillə birgə çıxışı ilə tanınan Fil milliyə müvəqqəti rəhbərlik etmək tapşırılıb. Liverpul təmsilçisinin rəhbərliyi də bu məqsədlə 35 yaşlı müdafiəçisini buraxıb.

Kiçik Nevill İngiltərənin əsas yığmasına italiyalı Fabio Kapellonun istefa verməsindən sonra rəhbərlik edən Stüart Pirsi əvəzləyəcək. Onun məşqçi kimi debütü fevralın 29-da Belçika ilə evdəki rəsmi oyunda gerçəkləşəcək. Həmin gün yığmamız İslandiyanı qəbul edəcək.

Qeyd edək ki, İngiltərə 6:0 hesabı ilə qalib gəldiyi yığmamızla səfər matçını bu ilin sentyabrın 6-da keçirəcək. Fil seçmə mərhələnin sonuna kimi baş məşqçi kimi təsdiqlənərsə, Bakıdakı oyuna ona tanış futbolçu ilə görüşəcək. Belə ki, U-21-imizin sol cinah yarımmüdafiəçisi Araz Abdullayev müqavilə ilə Nevillin komandasına məxsusdur. “Everton” Arazı Yunanıstanın “Panionis” klubuna icarəyə verib.