Ağac penalti qazandırdı
24.02.2012 - 17:04
Ağac penalti qazandırdı
Argentinanın futbol çempionatının “San-Lorenso” – “Libertat de Çarata” oyununda kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qapının arxasında olan ağac komandalardan birinə penalti qazandırıb.

Qonaqların 3:1 hesabı ilə irəlidə olduğu matçda meydan sahiblərinin qapıçısının oyuna daxil etdiyi top rəqib hücumçu Valter Qorositonun qarşısına düşüb. Onun zərbəsi isə qapı tirinə tuş gələrək, yuxarı qalxıb və ağaca dəyib. Oradan qayıdan topu əli ilə götürən “San Lorenso”nun müdafiəçisi Marselo Eskobar fikirləşib ki, top meydan çıxdığından, qapıçısı onu oyuna daxil etməlidir. Ancaq baş hakim Xuan Mankuelyo top meydanı tərk etmədiyindən, əllə oyuna görə penalti təyin etməli olduğunu qərara alıb.

Qonaqlar sonda 5:2 hesabı ilə qalib gəlib. Argentina mətbuatı isə hakimi tənqid edərək, belə ehtimal irəli sürüb ki, “San Lorenso” bundan sonra arenanın ətrafındakı bütün ağacları qıracaq.