“Rəqibi kiçiltmək düz olmaz” – MÜSAHİBƏ
25.02.2012 - 00:02
“Rəqibi kiçiltmək düz olmaz” – MÜSAHİBƏ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi

- Millimiz fevralın 29-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə növbəti oyununu keçirəcək. Rəqib isə qrupumuzun güclü komandalarından İslandiya yığmasıdır. Millimiz çətin oyuna hazırdırmı?
- Evdə keçirdiyimiz Belçika ilə oyundan yaxşı təəssüratla ayrılmışdıq. Qələbə qazana bilməsək də, baxımlı futbol nümayiş etdirmişdik. Hər oyuna olduğu kimi, İslandiya ilə görüşə də hazırıq. Komandada əla ab-hava var. Məşqçilərimiz AZAL-la oyunda komandanın son hazırlığını nəzərdən keçirdilər. Nələrin çatışmadığını müəyyənləşdirdilər. İslandiya millisini zəif rəqib hesab etmək olmaz. Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan komandaların heç biri zəif deyil. Çalışacağıq ki, rəqibi əliboş yola salaq.

- Rəqib haqda nə bilirsiniz? Zəif və güclü tərəflərini müəyyənləşdirmisinizmi?
- Sözün açığı, rəqib haqda elə də geniş məlumatımız yoxdur. Amma izləyib, təhlil edəcəyik. Məşqçilərimiz zəif və güclü tərəflərini izah edəcəklər.

- Hazırda 4-cü pillədə qərarlaşan İslandiya yığması evdə Belçikanı məğlub etməyi bacarıb. Səfərdə keçirdiyi 3 oyunda isə məğlub olub. Üstəlik, son 3 görüşdə rəqib qapılarına yol tapa bilməyib. Bu amili millimiz üçün üstünlük hesab etmək olarmı?
- Rəqibi əldə etdiyi nəticələrdən asılı olmayaraq, kiçiltmək düz olmazdı. Hər oyunun öz hazırlığı, ab-havası olur. İslandiya yığması kifayət qədər ciddi rəqibdir. Əgər komanda qol vura bilmirsə, deməli, hücum xəttində problemləri var. Burada bütün yük bizim yarımmüdafiə və hücum xəttinə düşür. Mərkəzdən hücumçular daha çox topla təmin olunsalar, qələbə qazanmaq olar.

- Rəqibi ciddi qəbul etdiyinizi dediniz. Komandada daxili ab-hava necədir? Milli komandamız evdə ilk qələbəsini qazana bilərmi? Ümumiyyətlə, futbolçuların qələbəyə inamları varmı?
- Əlbəttə var. Əgər qələbəyə inamımız olmasa, oynamağın əhəmiyyəti olmaz. Hətta ilk dəfədir U-21-də bu cür ab-hava, qələbəyə inam görürəm. İslandiyanı məğlub etməliyik. Başqa yol yoxdur.

- Hazırda qrupumuzda bir çox komandanın xalları biri-birinə yaxındır. Əgər İslandiya üzərində qələbə qazansaq 4-cü pilləyə yüksələcəyik və digər komandalarla aramızda elə də çox xal fərqi olmayacaq. Qrupda məqsədimiz nə olmalıdır? Ən yaxşı halda neçənci yeri tuta bilərik?
- Düzdür, kağız üzərində qrupu daha yaxşı pillələrdə bitirmək şansımız var. Bu kənardan asan görünə bilər. İnanın ki, çox çətindir. Bizim məqsədimiz olduğu kimi, digər komandaların da hədəfləri var. İlk hədəfimiz İslandiyanı məğlub edib 4-cü pilləyə yüksəlməkdir. Düşünürəm ki, yekunda qrupu 3-cü pillədə başa vura bilərik. Bu nəticə bizim üçün əla sonluq olar. Əlbəttə, bunun üçün maksimum səy göstərməliyik.

- Seçmə oyunların əvvəlindən komanda ilə birlikdə olan Cihan Özkara İslandiya ilə görüşdə forma geyinə bilməyəcək. Cihanın yoxluğu irəli xətdə milli komandamıza nə kimi mənfi təsir edə bilər?
- Cihan son vaxtlar vurduğu qollarla əla formada olduğunu sübut etdi. U-21-də əvəzolunmaz futbolçu yoxdur. O yoxdursa, onun yerinə başqası oynayacaq. Yəqin ki, məşqçilər onun yoxluğunda kimə şans verəcəklərini müəyyənləşdiriblər.

- Bu oyunda milli komandamızın əsas üstünlüyü nə ola bilər?
- Onlarla müqayisədə qrupda keçirdiyimiz görüşlərdə yaxşı futbol nümayiş etdirmişik. Düzdür, nəticə qazanmamışıq, amma kollektiv kimi bir olduğumuzu sübut etmişik. Sanki uzun illərdir birlikdə çıxış edirik. Bir-birimizi çox gözəl başa düşürük. Hər futbolçu meydandakı yerini və funksiyasını bilir. Düşünürəm ki, artıq qələbə qazanmağın vaxtıdır. Komanda olaraq oynadığımız futbol öz bəhrəsini verməlidir. Ancaq və ancaq qələbə qazanmaq barəsində fikirləşirik.

- Bir qədər də doğma komandan haqda. “Neftçi”nin Antalyadakı hazırlıq görüşlərində meydana çıxırdın, hətta bir neçə oyunda qol da vurdun. Ancaq flaqmanın çempionatdakı oyunlarında yenə ehtiyatda qalırsan. Bunu nə ilə əlaqələndirirsən?
- Baş məşqçimiz Böyükağa Hacıyev nə etdiyini çox gözəl bilir. Mən daim çıxıb mübarizə aparmağa hazıram. Məşqçimiz belə məsləhət görürsə, mənim nəsə deməyim düz çıxmaz. Vaxtımı gözləyirəm. Gün gələcək mən də əsas heyətdə meydana çıxacağam.

- Qış fasiləsindən sonra “Neftçi” maksimum nəticə göstərir və birinci yerdə gedir. Çempionluğun əsas namizədlərindən biridir. Komandanın çempionluq şansını necə qiymətləndirirsən?
- Bizim komandada hər şey yüksək səviyyədədir. İstər rəhbərliyin yaratdığı şərait, istərsə də, məşqçilərlə futbolçuların münasibəti. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Düzdür, ilk “altılıq”dakı hər oyun bizim üçün çətin olacaq. Xüsusən “Qarabağ”, “Xəzər Lənkəran” və “İnter”lə oyunları qeyd edə bilərəm. Əsas məqsəd ötən il olduğu kimi, bu mövsüm də qızıl medallara yiyələnməkdir. Bu yolda heç bir komandadan çəkinmirik.