Berti Foqts üçün yeni nəticə
26.02.2012 - 11:29
Berti Foqts üçün yeni nəticə
Azərbaycan milli komandasının bu il ilk oyununda nəticəsi baş məşqçisi Berti Foqts üçün yeni oldu. Apasport.az saytının hesablamalarına görə, 66 yaşlı almaniyalı mütəxəssis 2008-ci ilin aprelindən çalışdırdığı millimizlə ilk dəfə 2:2 hesabına imza atdı. Bu, fevralın 24-də Sinqapur yığması ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “The Svens” stadionunda keçirilən yoldaşlıq görüşündə reallaşdı.

Yığmamız hesabda 2:0 irəlidə olduğu matçda qələbəyə yaxın olduğu halda, son 20 dəqiqədə buraxdığı 2 topla onu əldən verdi. Özü də rəqib məğlubiyyətdən son saniyələrdə, 3-cü uzatma dəqiqəsində qaçdı. Həmin qola imza atan Şaxdan Sulayman Foqtsun millimizdəki 4 illik karyerasında yeni hesabını müəyyənləşdirdi. Yəni bunadək 2:1 hesablı qələbəyə imza atan, heç-heçələri 0:0 və 1:1-lə olan alman çalışdırıcı 2:2 də etdi.

Ümumiyyətlə, bu hesab 20 illik yubileyini qeyd edən millimizin tarixində 6-cı dəfə reallaşdı. Özü də bunların hamısı səfərdə olub. Həmin 6 hesabdan 5-i yoldaşlıq görüşlərində, yalnız 1-i rəsmi oyunda gerçəkləşib. Serbiya və Çernoqoriya yığması ilə Podqoritsa şəhərindəki həmin 2:2 hesablı matç indiyə kimi çoxlarının yaxşı yadındadır. Onda rəqib hesabda 2:0 irəlidə olsa da, millimiz əzmkarlıq göstərərək, hücumçu Qurban Qurbanovun dublu sayəsində tarazlığı bərpa edə bildi. Bu, yığmamızın seçmə mərhələdə səfərdə ilk dəfə uduzmayıb, xal qazandığı oyun kimi tarixə düşdü. Yeri gəlmişkən, həmin matç da indiki kimi fevralda olmuş və millimiz üçün ilin ilk oyunu idi.

Millimizin axırıncı 2:2-si isə bundan 1 il sonra olub. Onda Avropa çempionatının final mərhələsi öncəsi son sınaq matçına çıxan Aleksandr Starkovun çalışdırdığı Latviya yığması ilə onun meydanındakı yoldaşlıq görüşündə 2:2 hesablı bərabərliyə qalmışdıq. Millimizin ilk əcnəbi baş məşqçisi kimi tarixə düşən braziliyalı dünya Karlos Alberto Torresdən sonra artıq 8 ildir heç kim bu nəticəyə imza atmırdı.

Qeyd edək ki, Sinqapurla matç Foqtsun millimizin “sükanı arxası”nda 43-cü oyunu oldu. O, bu müddətdə 9 qələbəyə sevinib,10 heç-heçə edib, 23 dəfə meydanı başıaşağı tərk edib. Bu matçlarda yığmamız 34 qolun sevincini yaşayıbsa, 70 dəfə qapıçımız topu tordan çıxarıb.


Azərbaycan milli komandasının 2:2 hesabı ilə nəticələn oyunları

1996-cı il
27 may. Molodeçno. Yoldaşlıq görüşü. Belarus – Azərbaycan - 2:2
Baş məşqçi: Kazbek Tuayev

1999-cu il
6 mart. Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Estoniya - 2:2
Baş məşqçi: Vaqif Sadıqov

2002-ci il
8 avqust. Təbriz. Yoldaşlıq görüşü. İran (U-23) – Azərbaycan - 2:2
Baş məşqçi: Vaqif Sadıqov

2003-cü il
12 fevral. Podqoritsa. AÇ-2004-nün seçmə mərhələ oyunu. Serbiya və Çernoqoriya – Azərbaycan - 2:2
Baş məşqçi: Əsgər Abdullayev

2004-cü il
6 iyun. Riqa. Yoldaşlıq görüşü. Latviya – Azərbaycan - 2:2
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

2012-ci il
24 fevral. Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Sinqapur – 2:2
Baş məşqçi: Berti Foqts (Almaniya)

Mehman SÜLEYMANOV