Bir güllə ilə 2 dovşan vuraq!
26.02.2012 - 14:10
Bir güllə ilə 2 dovşan vuraq!
Sabah Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində 2-ci oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamızın yoldaşlıq görüşündə budəfəki rəqibi Hindistan millisi olacaq. Fevralın 24-də görüşdüyümüz Sinqapur yığması kimi hindistanlılarla da ilk dəfə qüvvəmizi sınayacağıq.

Təbii ki, Sinqapurla oyunda nəticədən sonra millimiz qələbə qazanmağa sadəcə, borcludur. Çünki 2:0 hesabı ilə irəlidə olduğumuz oyunda axırda 2 qol buraxdıqdan, özü də son saniyələrdə qələbəni əldən verdikdən sonra azarkeşlər qarşısında bəraət qazanmaq lazımdır. Təsadüfi deyil ki, Foqts oyunla bağlı fikirlərində heç-heçəni rəqibə hədiyyə etdiyimizi xüsusi qeyd edib.

Düzdür, bunlar yalnız yoxlama oyunlarıdır və əsas məqsəd futbolçuları, debütantları sınaqdan çıxarmaqdır. Ancaq rəqiblər qalib gəlməyə sövq edir. Özü də Hindistan FİFA reytinqində Sinqapurdan da aşağıda yer alıb. Bu mənada təkcə qələbə yox, böyük hesabla qalib gəlmək haqda düşünməli olduğumuzu desək, yerinə düşər. Əlbəttə, qol vurduğumuz zamanı müdafiəni unutmamalı, arxayınçılığa yol verməməliyik. Məhz bunlar sinqapurlularla oyunda son 20 dəqiqədə bizə problem yaradaraq, 2 qol buraxıb, qələbəni qaçırmağımızla nəticələndi. Yəqin ki, Foqts futbolçularla bu haqda ciddi söhbətləşib və ciddi nəticə çıxarılacaq.

Millimiz qalib gələrsə, necə deyərlər, “bir güllə ilə 2 dovşan vuracaq”. Belə ki, həm bu ildə ilk qələbəni qazanacağıq, həm də Dubaydakı uğursuzluq sindromuna son qoyacağıq. Məsələ ondadır ki, millimiz və Foqts bu gözəl şəhərdə hələ ki qələbəni bayram etməyib. Alman çalışdırıcı Dubayda Sinqapurla yanaşı, Özbəkistanla heç-heçə edib (1:1), Macarıstana uduzub (0:2). Millimiz orada keçirdiyi ilk oyunda – 2003-cü ilin sonunda BƏƏ yığması ilə yoldaşlıq görüşündə 3:3 hesablı bərabərliyə qalıb.

Foqtsun sərəncamında çoxlu futbolçu olduğundan, Hindistanla oyunun heyətində dəyişiklər edəcəyi gözlənilir. Bu mənada digər debütantlarımız da almaniyalı çalışdırıcıdan şans gözləyir. Söhbət qapıçı Anar Nəzirov, müdafiəçilər Hacı Əhmədovla Arif Daşdəmirov və hücumçu Cihan Özkaradan gedir. Düzdür, sonuncu hələ ki yığmamızın düşərgəsində deyil. Çünki Özkaranın formasını geydiyi “Sivasspor”un Türkiyə Superliqasında oyunu olduğuna görə onu bundan sonra buraxacaq. Ona görə milliləşdirilən türkiyəli hücumçumuzun ən yaxşı halda, fevralın 29-da Fələstin yığması ilə oyunda millimizin heyətində meydana çıxacağı gözlənilir. Foqts Rizvan Umarov, Vüqar Əsgərov və Murad Ağayevin debütünə Sinqapurla oyunda imkan yaratdı. Bununla da yığmamızda çıxış edən futbolçuların sayı 173-ə çatdı.

Qeyd edək ki, yerli hakimlərin idarə edəcəyi Azərbaycan – Hindistan oyunu Bakı vaxtilə saat 17:30-da “The Sevens” stadionunda keçiriləcək.

Mehman SÜLEYMANOV