Asim Xudiyev: Ruslar bununla bağlı bizə təminat veriblər
27.02.2012 - 16:42
Asim Xudiyev: Ruslar bununla bağlı bizə təminat veriblər
Azərbaycan futzal yığmasının dünya çempionatının pley-off mərhələsində Rusiya milli komandası ilə cavab oyununa yollanacağı gün müəyyənləşib. Bu haqda apasport.az saytına məlumat verən AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev səfərə aprelin 8-də çıxmağın nəzərdə tutulduğunu bildirib. O, ertəsi matçın keçiriləcəyi Tümenə birbaşa yollanacaqlarını bildirib: “Bakıdan Tümenə çarter reysi təşkil olunacaq. Qaydaya görə, oyundan bir gün qabaq yollanıb, ertəsi qayıtmalıyıq. Ruslar bizə təminat veriblər ki, təşkil edəcəkləri birbaşa uçuş sərfəli və lazımı səviyyədə olacaq. Bunu onların hava şirkəti reallaşdıracaq. Tümenə reys həftənin ortasıdır. Əgər biz oyundan 2-3 gün qabaq getməli olsaydıq, onda gərək ilk öncə Moskvaya 3, oradan Tümenə 5 saata yaxın yol qət etməli idik. Bu da 7-8 saat vaxt aparacaqdır. Ancaq birbaşa reys 2-3 saat təşkil edəcək. Bakıdan Yekaterinburqa uçuş 2,5 saatdır. Tümen də ora yaxın olduğundan, tez çatacağıq”.

Qeyd edək ki, millimiz Rusiya yığması ilə Bakıdakı oyununu martın 27-də keçirəcək. Hər 2 matç saat 21:00-da başlayacaq.

Mehman SÜLEYMANOV