“Medallar uğrunda mübarizə qoşula bilərik”
27.02.2012 - 17:13
“Medallar uğrunda mübarizə qoşula bilərik”
“Qış fasiləsində yaxşı hazırlaşmışdıq. Keçirilən təlim-məşq toplanışı zamanı güclü rəqiblərlə oynamışdıq. Özümüzə inam yaranmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”n futbolçusu Bəxtiyar Soltanov deyib.

22 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında 2012-ci ilin “Bakı” ilə ilk oyunundakı 3:0 hesablı qələbənin sirrini açıqlayıb: “Bakı”yla ilk oyunda çoxları hesabın gözlənilməz olduğunu söyləyirlər. Amma biz öz oyunumuzu tapanda, meydan da yaxşı olsa belə qələbələr qazanmağımız çətin deyil. Hesab daha da böyük ola bilərdi. Amma əsas odu ki, hər kəs oynadığımız futboldan zövq ala bildi. Hər halda olduqca güclü komandaya qarşı oynayırdıq. Biz onları zəif olduqları üçün deyil yaxşı oynadığımız üçün belə uda bildik”.

Bəxtiyar ötən tur əldə olunan qələbəni daha çətin sayır: “Kəpəz”lə oyun daha çətin keçdi. Çünki, 2-ci top heç cür qapıdan keçmirdi, üstəlik, gəncəlilər sona qədər döyüşdü. Əsas odu ki, 3 xalı qazana bildik. Biz də meydana kimin çıxmasının önəmi yoxdur. Əlbəttə, hamı ilk “11-lik”də olmaq istəyir. Amma komanda üçün ən yaxşısını baş məşqçi bilir. Qurban Qurbanov mənə şans verəndə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. O, hamıdan maksimum yararlanmaq istəyir.

Soltanov milliyə dönmək perspektivi, Vaqif Cavadovun transferi kimi məsələlərə də toxunub: “Vaqifin gəlişiylə rəqabət güclənib. Amma bu, bizim xeyrimizədir. Yenidən milliyə dəvət almağım məndən asılı deyil. Təbii ki, hamı əsas komandanın formasını geyinmək istəyir. Qarşıdan 2 ev oyunu gəlir. Çalışmalıyıq ki, AZAL və “Simurq”la oyunlardan 6 xal götürək. Belə də medallar uğrunda mübarizə qoşula bilərik. Amma son 2 oyunumuz heç də asan olmayacaq. “Altılıq” danışmaq hələ tezdir. Orda hər oyun 6 xal dəyərindədir”.