Kaxaber Sxadadzenin Dubaya 1 günlük səfəri
27.02.2012 - 18:12
Kaxaber Sxadadzenin Dubaya 1 günlük səfəri
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. Klubun baş meneceri Səbuhi Səfiyarlı apasport.az saytına açıqlamasında gürcü çalışdırıcılarının milli komandamızın təlim-məşq toplanışında iştirak etmək üçün sabah Dubaya gedəcəyini bildirib. Onun sözlərinə görə, Sxadadzenin səfəri 1 günlük olacaq: “Komandamız çempionatda yaranan fasilə ilə əlaqə qısa müddətli istirahətdən sonra fevralın 24-dən məşqlərini bərpa edib. Sabah istirahət olacaq və Sxadadze də fürsətdən istifadə edərək, Dubaya yollanacaq. O, millimizin fevralın 29-da Fələstin yığması ilə yoldaşlıq görüşünü izləyib, digərlərindən fərqli matçdan dərhal sonra geri dönəcək. Yəni baş məşqçimiz komandamızın fevralın 29-da 1 məşqində olmayıb, martın 1-də iştirak edəcək”.

Sxadadze AFFA-nın dəvəti ilə reallaşan bu səfər zamanı müdafiəçilər - kapitan Vladimir Levin, Arif Daşdəmirov yarımmüdafiəçi Nizami Hacıyevi izləyəcək. Premyer Liqa klublarımızın çalışdırıcılarından 4-ü – Rafiq Mirzəyev (AZAL), Fuad İsmayılov (“Kəpəz”), türkiyəli Cüneyt Biçər (“Xəzər Lənkəran”) və almaniyalı Bernard Raab (“Sumqayıt”) fevralın 26-dan Dubaydadır. Sxadadze “Qarabağ”la “Rəvan”ı çalışdıran həmkarları Qurban Qurbanov və Bəhmən Həsənovla birgə səfərə çıxacaq.

Qeyd edək ki, Azərbaycan – Fələstin oyunu Bakı vaxtilə saat 17:30-da başlayacaq.

Mehman SÜLEYMANOV