Elvin Məmmədov: Heç özüm də oyunumdan razı deyiləm - MÜSAHİBƏ
28.02.2012 - 00:01
Elvin Məmmədov: Heç özüm də oyunumdan razı deyiləm - MÜSAHİBƏ
“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

- Qış fasiləsindən sonra 2 tur oynanılıb. Komandanızın iştirakı ilə keçirilən oyunlarla bağlı fikirlərinizi bilmək istərdik.
- 2012-ci ilə pis başladıq. Bizə “Qarabağ”ı udmaq lazım idi. Amma bunu bacara bilmədik. İkinci matçda isə “Simurq”la qarşılaşdıq. Özümüzə gəlmək üçün mütləq qələbə qazanmalı idik ki, yekunda da lazım olan nəticəni aktivimizə yazdırdıq.

- Amma oyun baxımından “Bakı” heç də zövqləri oxşamadı. Bu fikirlə razısınız?
- Desəm ki, ikinci qarşılaşmada əla oynadıq, düzgün olmazdı. Müəyyən anlarda oyunumuz yaxşı alındı, bəzi epizodlarda isə istədiyimizi nümayiş etdirə bilmirdik. Bu gün bizə yaxşı oyundan çox, uğurlu nəticə lazımdır. Çünki həm ilk “altılığ”a düşməliyik, həm də liderlərdən uzaqlaşmamalıyıq. Ona görə də meydana çıxanda ancaq 3 xal qazanmaq haqda düşünürük.

- “Transfer pəncərəsi” dövründə “Bakı” yaxşı transferlər reallaşdırdı. Yeni futbolçuların karyerası, çıxış etdikləri klubların səviyyəsi bunu deməyə əsas verir. Amma “Qarabağ”la matçda “Bakı”nı hansısa yaxşı göstəricisinə görə fərqləndirə bilmədik. Bunun səbəbi nə idi?
- Komandada tam uyğunlaşma yoxdur. Hər dəfə 4 futbolçu gəlir, 3 nəfər gedir. “Qarabağ”la oyuna diqqət yetirdikdə heyətimizdə 4 yeni oyunçunun olduğunu görürük. Həmin heyət də ardıcıl heç 3 oyun keçirməyib. Buna görə də problemlər qaçılmazdır. Komanda şəklində hələ formalaşmamışıq. Xətlərarası əlaqələr zəifdir. Digər rəqiblərimizi götürək: “Neftçi”, “İnter”, “Qarabağ” oturuşmuş heyətə malikdir. Niyə? Çünki artıq 2-3 ildir ki, həmin futbolçular bir yerdə oynayırlar. Bizdə isə dəyişikliklər çox olur. Altı ay bir yerdə oynayırıq, sonra 3-4-ü gedir, əvəzinə bir o qədər futbolçu gəlir. Yeni gələnlərin də komandaya uyğunlaşması üçün vaxt lazımdır. Bu gün “Bakı”da əsas problem uyğunlaşma ilə bağlıdır. Futbolda kollektiv oyundur. Burda təkbaşına heç nə etmək mümkün deyil. Messi deyillər ki, hamını aldadıb, qol vursunlar.

- Tez-tez yerdəyişmə nə ilə bağlıdır? Buna ehtiyac varmı?
- Buna baş məşqçi cavab verə bilər. Mən də komandada yeniyəm. Cəmi 8 aydır ki, “Bakı”da oynayıram. Bu, baş məşqçinin və klub rəhbərliyinin işidir.

- Sizin oyununuz da istənilən səviyyədə deyil. Tez-tez zədələnməyiniz yaşıl meydanlardan uzaq qalmağınıza səbəb olub...
- Düzdür, zədələr 8 ayda futbol oynamağıma imkan vermədi. Futbolda bundan qaçmaq mümkün deyil. Açığı, özüm də öz oyunumdan tam razı deyiləm. Üstəlik, yeni komandadayam. Xətlərarası əlaqə istənilən səviyyədə deyil. Yeni-yeni formaya düşürəm. Tədricən özümə gəlirəm. Altı ay əvvəlki durumumla müqayisədə, indi daha yaxşıyam. Qaçıram, komandama az da olsa kömək etməyə çalışıram.

- “Qarabağ”ın heyətində bu qədər zədələnmirdiniz. Bəlkə klub seçimində düzgün qərar verməmisiz?
- “Qarabağ”da daimi oynayırdım. Buna görə yığmaya da dəvət edilirdim. Milliyə çağırılmadığım vaxtlarda belə klubda oynayırdım. Burda isə gülünc bir vəziyyətdə zədələndim. Sonuncu məşq zamanı barmağım sındı və nəticədə iki ay gözləməli oldum. Zədəm sağaldıqdan sonra bərpa prosesi keçirdim. Bir qədər yüklənmə olduğundan, arxa əzələm qırıldı. Bu düzəldikdən sonra milidə dizimdən zədələndim. Çox gülünc bir vəziyyətdə zədə aldım. Bu sırf fiziki hazırlıqla bağlı deyildi. Top oyunçu ilə aramızda qaldı və ayağım burxuldu. Buna görə də 4 ay gözləməli oldum. Məncə, zədələnməyimin klubla əlaqəsi yoxdur. Futbolda zədədən qaçmaq mümkün deyil.

- Bu üzdən yığmadan da kənarda qalmısınız. Artıq mövqeyinizdə başqa oyunçular çıxış edir. Yenidən milliyə qayıda biləcəksənizmi?
- Burda heç bir problem görmürəm. Əgər klubda sabit çıxış etsəm, yığmaya düşəcəm. Çünki millinin baş məşqçisi Berti Foqts da deyib ki, kim oynayırsa, hazırdırsa, ona şans verəcəm. Kiminsə yerimi tutmasından qorxmuram. Həm də millinin formasını geyinən hər bir futbolçu Azərbaycan üçün oynayır. Klubla müqayisədə, millidə daha çox çalışmalısan. Ona görə də hər kəs maksimum dərəcədə ona verilən şansdan istifadə edir.

- Premyer Liqada əsas mərhələnin başa çatmasına iki tur qalıb. “Bakı”nı “Neftçi” və “İnter”lə çətin sınaq gözləyir. Ən azı bir xal qazanmalısınız ki, ilk “altılıq”dakı yerinizi qoruyasınız. Çünki AZAL-ın şansı hələ davam edir. Bu oyunlarda hansı nəticəyə ümid edirsiniz?
- Əlbəttə, çox çətin oyunlardır. Hər iki rəqiblərimiz komanda şəklində çox yaxşı oyun nümayiş etdirir. Fərdi şəkildə yanaşsaq, oyunçuları da güclüdürlər. Ancaq bizə hər iki matçda qələbə lazımdır. Liderlərdən aralanmaq istəmiriksə, mütləq qələbə qazanmalıyıq. Uşaqlar da oyunun məsuliyyətini anlayırlar.

- Turnir cədvəlinin yuxarılarında yer alan komandalar öz oyunları ilə avrokuboklarda oynamağa iddialı olduqlarını ortaya qoyublar. Necə düşünürsünüz, “Bakı” onların sırasına qoşula biləcəkmi?
- Futbolda hər cür nəticə qeydə alına bilər. Hətta biz birinci və ya ikinci pilləyə də yüksələ bilərik. Sadəcə, komanda şəklində toparlanmalıyıq. Baxımlı futbol oynamasaq da, meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Çox qaçmalıyıq. Üstəlik, istəyimizi ölkə kubokunu qazanmaqla da reallaşdıra bilərik.

- “Qarabağ”la oyundan sonra azarkeşlər baş məşqçi Aleksandr Starkovu istefaya səsləndirirdi. Bu cür çağırışlar futbolçulara təsir edirmi?
- Yaxşı hal deyil. Çünki o, istefaya gedəcəksə, yeninə başqa məşqçi gələcək. Yeni məşqçi yeni oyunçular gətirəcək. Bu dəyişiklik tez-tez baş verərsə, komanda sabit oyun nümayiş etdirə bilməz. Əlbəttə, deyilən hal bizə də mənfi təsir göstərir.

- Son vaxtlar “Bakı”dan yığmaya çox az futbolçu dəvət edilir. Bunun səbəbini nə ilə izah edə bilərsən?
- Bu baş məşqçinin seçimidir. Berti Foqts oyunlarımızı izləyib. Bəyənməməyi normaldır.

- Bu da faktdır ki, “Bakı” heyətində yerli oyunçulara daha az şans verir...
- Üzdə olan yerli futbolçuların hamısı güclü klublarda oynayır. Bu gün “Bakı”nın uşaq komandalarında istedadlı və perspektivli oyunçular var. Onlar il yarımdan sonra öz sözlərini deyəcəklər.