Cüneyt Biçər: Hansısa cəzadan söhbət gedə bilməz - MÜSAHİBƏ
28.02.2012 - 10:13
Cüneyt Biçər: Hansısa cəzadan söhbət gedə bilməz  - MÜSAHİBƏ
Milli komandamızın Hindistanla oyununu izləyənlər arasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçər də vardı. Apasport.az saytının əməkdaşı yığmamızın 3:0 hesablı qələbəsindən sonra türkiyəli mütəxəssisə yaxınlaşıb, səfəri və cənub təmsilçisinin serbiyalı hücumçusu Branimir Subaşiçin cəzalandırılması barədə fikirlərini öyrənib.

- Bura gəlməyimi oyuna baxmaqla əlaqələndirmək olmaz. AFFA belə bir təklif etdi, biz də bura gəldik.

- Burda olsanız da, qapıçı Kamran Ağayevdən başqa “Xəzər Lənkəran”ın digər futbolçularını iş başında görə bilmədiniz...
- Düzdü, Hindistanla qarşılaşmada yalnız Kamran oynadı. Amma burda hansısa problem görmürəm. Çünki heyəti baş məşqçi Berti Foqts müəyyənləşdirir.

- Futbolçunuz Elnur Allahverdiyev zədəli olduğundan Bakıya qayıtdı. Onun durumu ilə maraqlandınızmı?
- Təbii ki, görüşdüm. Mənə belində ağrı olduğunu söylədi. Bu səbəbdən Foqtsla görüşüb, icazə istəyib.

- “Xəzər Lənkəran”ın digər futbolçusu Branmir Subaşiç bu qarşılaşmadan öncə cəzalanıb. Yəqin ki, bundan xəbəriniz var...
- Bu, milli komandanın daxilində olan bir qərardır. Biz buna qarışa bilmərik.

- Bəs klub rəhbərliyi Subaşiçə qarşı hər hansı cəza verə bilərmi?
- Hadisənin nədən ibarət olduğunu bilməmiş, hansısa cəzadan söhbət gedə bilməz...

- Hadisə budur ki, Subaşiç və 4 futbolçu əylənməyə gedib, əllərində siqaret və spirtli içki var imiş...
- Aydındır, amma Subaşiç hazırda mənim yox, milli komandanın sərəncamındadır.