Berti Foqts: Mənim o şəkildən xəbərim yoxdur
28.02.2012 - 10:21
Berti Foqts: Mənim o şəkildən xəbərim yoxdur
“Azərbaycan milli komandasının baş məşqçisi postunda 10-cu qələbə qazanmağım superdir. Əgər belə qələbələr çox olsaydı, daha yaxşı olardı. Ümid edirəm ki, belə də olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Təcrübəli mütəxəssis millimizin Dubaydakı təlim-məşq toplanışında Hindistan yığmasına 3:0 hesabı ilə qalib gəldiyimiz oyundan sonra onu gözləyən alman jurnalistlərin suallarını cavablandırıb.

Foqtsun sözlərinə görə, daha çox qələbə qazanmağımız üçün futbolçular nəyə qadir olduqlarını göstərməlidir: “Biz Hindistanla oyunda yaxşı futbol göstərdik. Qol imkanlarımız çox idi. Əsas problemimiz odur ki, bütün matç boyu eyni səviyyədə oynaya bilmirik. Bu, rəqibimizin səviyyəsindən asılı olmayaraq baş verir. Güclü rəqiblər isə bizə səhvləri bağışlamayacaq. Məni əsas narahat edən müdafiədə hücuma keçməyimizdir. Dəqiq ötürmə vermək, açılmaq, hücum etmək lazım gələndə səhv edirik”.

Alman mütəxəssis Dubayda sonuncu oyunumuz olacaq Fələstinlə sabahkı matça da toxunub: “Bu matçda daha bir neçə gənc futbolçulara şans verməyə hazırlaşıram. Ancaq əsas məqsədimiz indi komandanı matç boyu eyni səviyyədə oynatmağa öyrətməkdir. Mən yenə xahiş edirəm ki, futbolçuları tərifləməyin. Gördünüz ki, hesabda 2:0 irəlidə olduğumuz zamanı bir neçə futbolçumuz dayandı. Topla hərəkət etməməyə başladılar, ləng tərpəndilər. Bununla mübarizə aparmaq lazımdır. Biz 3-cü, 4-cü qolu vurmağa çalışmalıyıq. Öz oyunundan razı qalmaq olmaz”.

Foqts hava amilini da nəzərə almağı vacib sayır: “Bakıda bu qış yetərincə soyuq keçir, indi Dubayda isə istidir. Görünür, çox gənc futbolçulara şəraitin belə dəyişikliyi narahatlıq yaradır. Ancaq məhz burada hazırlaşmağa və oynamağa imkan var”.

Millimizin çalışdırıcı Sinqapurla 2:2 hesablı nəticədən oteldə əyləndiklərinə görə cəzalandırdığı futbolçular Andrey Popoviç, Vladimir Levin, Aleksandr Çertoqanov, Ufuk Budak və Branimir Subaşiç, komanda daxilində nizam-intizamın pozulmağı haqda bunları söyləyib: “Mənim o şəkildən xəbərim yoxdur. Ümumiyyətlə, heç bir şəkil görməmişəm. Mən Azərbaycan mətbuatını oxumuram və internetə baxmıram”.