109 günlük sindroma son qoyduq
28.02.2012 - 10:41
109 günlük sindroma son qoyduq
Azərbaycan milli komandası Dubayda təlim-məşq toplanışında Hindistan yığması ilə keçirdiyi yoldaşlıq görüşündə 109 günlük sindroma son qoydu. Apasport.az saytının hesablamalarına görə, millimiz sonuncu qələbəsini ötən ilin noyabrın 11-də Albaniya yığması ilə səfərdəki yoldaşlıq görüşündə qazanmışdı – 1:0. Tirandakı keçirilən matçda hücumçumuz Rauf Əliyev oyunda yeganə qolun müəllifi olmuşdu. Berti Foqtsun baş məşqçisi olduğu yığmamız fevralın 27-də Hindistan millisini 3:0 hesabı ilə yendi.

Albaniya və Hindistanla oyunlar arasında 2 matç keçirsək də, bunun biri nəzərə alınmır. Söhbət Almaniyanın I divizionunda çıxış edən “Union Berlin”ə səfərdə 0:1 hesabı ilə uduzduğumuz yoxlama oyunundan gedir. Məsələ ondadır ki, yığma ilə klubunun görüşü qeyri-rəsmi sayılaraq, nəticəsi heç yerdə qəbul olunmur. Millimiz növbəti qələbəsini daha tez qazanmalı olduğu halda, Sinqapurla matçda bu şansı əldən verdi. Çünki fevralın 24-də Dubayda keçirdiyimiz həmin matçda 2:0 hesabı ilə irəlidə olsaq da, sona 20 dəqiqə qalmış 2 top buraxdıq. Özü də rəqib son saniyələrdən məğlubiyyətdən qaça bildi.

Qeyd edək ki, bu ildə ilk qələbəmiz Foqts üçün yubiley – 10-cu oldu. Ümumiyyətlə isə millimizin 20 illik tarixində 33-cü qələbəsini qazandı. Bu müddətdə keçirdiyimiz 183 oyunun 45-də heç-heçə etmiş, 105-də uduzmuşuq. Topların fərqi 129-326 rəqiblərin xeyrinədir.

Mehman SÜLEYMANOV