“Azərbaycan millisində oynayacağımla bağlı qərar verməmişəm”
28.02.2012 - 12:40
“Azərbaycan millisində oynayacağımla bağlı qərar verməmişəm”
“Milli komandanın düşərgəsinə yeni gəlmişəm. Məni burada çox yaxşı qarşıladılar”. Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Cihan Özkara deyib.

21 yaşlı milliləşdirilən türkiyəli hücumçu dünəndən komandamızın Dubaydakı təlim-məşq toplanışına qatılıb. O, tanış komandaya gəldiyini bildirib: “Mən ilk dəfə deyil ki, Azərbaycan yığmasındayam. Ötən ilin Berlindəki hazırlıq zamanı da iştirak etmişdim. Hazırda yığmada yaxşı əhval-ruhiyyə var”.

Cihan millimizin hazırlığına ən gec qoşulan futbolçu oldu. Bu da tarixi vətənində çıxış etdiyi “Sivasspor”un onu yığmaya buraxmadığına görə idi: “Klubumuz çempionluğa oynayır. Hazırda təqvimimiz sıxdır və buna görə Superliqada oyunumuzu gözləməli olduq. Məni bundan sonra millini düşərgəsinə buraxdılar”.

Fələstin yığması ilə sabahkı yoldaşlıq görüşündə millimizdə rəsmi debütü gözlənilən Cihan seçim edir. Belə ki, o, millimizdə, yoxsa Türkiyə yığmasında çıxış etməyi düşünür: “Mən hələlik Azərbaycan və ya Türkiyə yığmasında oynayacağımla bağlı yekun qərar verməmişəm. İstənilən peşəkar futbolçu özümü harada xoşbəxt sayırsa, həmin komandanı da seçir. Mən də gələcəyimi düşünərək, yekun qərarını verəcəyəm”.