Andrey Popoviç milli komandadan üzr istədi
28.02.2012 - 13:15
Andrey Popoviç milli komandadan üzr istədi
“Mən bu şəkli internetdə qoyduğuma görə günahkaram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının qapıçısı Andrey Popoviç deyib.

Ukraynalı qapıçı digər milliləşdirilən legionerlər – həmyerliləri Vladimir Levinlə Aleksandr Çertoqanov, serbiyalı Branimir Subaşiç, türkiyəli Ufuk Budakla birgə Sinqapur yığması ilə 2:2 hesablı heç-heçə etdiyimiz yoldaşlıq görüşündən sonra əllərində siqaret və spirtli içki əyləniblər.

Popoviç internetdə çıxan bu fotoya görə üzülür: “Bu şəkli internetə yerləşdirməklə, komanda yoldaşlarımı pis vəziyyətə qoydum. Mən komanda qarşısında üzr istədim. Baş məşqçi bizi cəzalandırmaqla düz edib”.

Qeyd edək ki, yığmamızın baş məşqçisi Berti Foqts həmin 5 futbolçunu dünən məşqdən sonra meydanda qaçırtmaqla cəzalandırıb, Hindistanla matçda adlarını 18 nəfərlik iştirak ərizəsinə daxil etməyib.