Dubaydan qələbə ilə ayrılmalı olduğumuz sınaq
28.02.2012 - 17:34
Dubaydan qələbə ilə ayrılmalı olduğumuz sınaq
Sabah Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız bu dəfə Fələstin yığması ilə görüşəcək. Bununla da millimiz fevralın 22-də Dubayda başlayan hazırlıq prosesini yekunlaşdırıb, martın 1-də Vətənə dönəcək. Təbii ki, Sinqapur (2:2) və Hindistanla (3:0) oyunlardan sonra məğlubiyyətsiz seriyamızı davam etdirib, yenə qalib gələcəyimiz real görünür.

Fələstin yığması ilə sınağın bir sıra özəllikləri var. Belə ki, Dubay toplanışında ilk yoldaşlıq görüşündə məhz bu rəqibi müəyyənləşdirmişdik. Bunda isə İsrail yığması ilə bir qrupa düşməyimizin böyük təsiri oldu. Belə ki, Fələstinin uzun illərdir münaqişədə olduğu İsrail 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk rəqibimiz olacaq. İndiki rəqibimiz sentyabrın 7-də qəbul edəcəyimiz israillilərə yaxın olduğundan, onlara oxşar oyun üslublu yığma seçilib.

Fələstin bunadək görüşdüyümüz Sinqapur və Hindistan yığmalarından FİFA reytinqində daha aşağıdır. Ən əsası, matç FİFA-nın “pəncərəsi”nə düşməyi, yəni yoldaşlıq görüşləri keçirmək üçün nəzərdə tutulan fevralın 29-a təsadüf etməyidir. Bu isə matçın nəticəsinin FİFA-nın növbəti reytinqində nəzərə alınacağı deməkdir. Deməli, Fələstinlə oyunda nəinki qələbə, Hindistanla matçda olduğu kimi, böyük hesablı qələbə qazanıb, hazırda olduğumuz 109-cu pillədən yuxarı qalxmaq haqda düşünməliyik.

Foqtsun Fələstin yığması ilə oyunun heyətində də bir sıra dəyişiklik edəcəyi gözlənilir. Bu mənada yenə gəncləri yoxlayacağını açıqlayan almaniyalı mütəxəssis Dubaya dəvət etdiyi futbolçulardan şans vermədiyi 2 debütant qalıb. Bunlar “Turan”ın qapıçısı Anar Nəzirovla “Sivasspor”un hücumçusu Cihan Özkaradır. Sonuncu klubu tərəfindən yığmamızın əvvəlki 2 matçına buraxılmadığından, iştirak etməyib. Millinin düşərgəsinə yeni gələn 21 yaşlı milliləşdirilən türkiyəli futbolçunun sabah sınanacağı real görünür. Bununla da Özkaranın Azərbaycan yığmasının şərəfini qorumağı rəsmiləşəcək. Cihan zəif rəqiblə matçda fərqlənməklə, debütünü qolla qeyd etmək imkanına malikdir. Millimizin Sinqapurla uğursuz nəticələnən matçından sonra oteldə 4 futbolçumuzla – Vladimir Levin, Aleksandr Çertoqanov, Branimir Subaşiç və Ufuk Budakla birgə əyləndiyinə görə Foqtsun gözündən düşən, cəzalandırdığı Andrey Popoviçin yenə kənarda qalıb, Nəzirova oyunun gedişində də olsa qapıda yer verilməyi gözlənilir.

Milli komandamız cari mövsümdə bir daha oyun keçirmədiyindən, Fələstinlə matçdan sonra uzun müddətli fasiləyə çıxacaq. Yığma üzvləri növbəti oyuna cari mövsüm bitəndən sonra çıxacaq ki, bu da Andorra millisi ilə Almaniyanın Frankfurt şəhərindəki matç olacaq. Ardından isə iyunun 5-də Minskdə Belarus yığmasının qonağı olacağıq. Bunadək diqqətini daxili yarışlara – “altılıq” və ölkə kubokuna yönəldəcək futbolçuların millinin düşərgəsini yaxşı əhval-ruhiyyədə tərk etməli olmaları qələbəyə daha çox zəmin yaradır. Hər halda, 5 gün ərzində keçirilən 3 oyunluq sıx qrafiki major notda bitirmək lazımdır.

Qeyd edək ki, yerli hakimlərin idarə edəcəyi Azərbaycan – Fələstin oyunu da “The Sevens” stadionunda keçirilərək, start fiti Bakı vaxtilə saat 17:30-da veriləcək.

Mehman SÜLEYMANOV