Foqtsun növbəti yubileyi
29.02.2012 - 10:25
Foqtsun növbəti yubileyi
Bu gün Dubayda Fələstinlə keçiriləcək qarşılaşma Azərbaycan yığmasının tarixinə 184-cü matç kimi düşəcək. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən indiyədək 183 oyuna çıxan komandamız bu müddətdə 33 qələbə qazanıbsa, 45 heç-heçə və 105 dəfə meydanı başıaşağı tərk edib. Artıq ardıcıl 3 matçdır uduzmayan komandamız sonuncu dəfə Türkiyəyə yenilib – 0:1. Həmin oyundan sonra Albaniya (1:0), Sinqapur (2:2) və Hindistan (3:0) yığmaları ilə görüşən futbolçularımız ötən il oktyabrın 11-dən sonra uduzmur. Bu günə qədər 129 dəfə rəqib qapısına yol tapan komandamız 328 dəfə topu öz qapısında görüb.

İndiyədək baş tutan qarşılaşmalardan 88-i DÇ və AÇ-lərin seçmə oyunu olubsa, millimiz 96-cı dəfə yoxlama oyunu keçirəcək. Yoldaşlıq matçları və bu tip mini turnirlərdəki görüşlərdə 25 qələbə qazanıb və 32 dəfə heç-heçə edən millimiz 38 dəfə meydandan məğlub ayrılıb. Dubaydakı “The Sevens” stadionundakı görüşədək komandamız 88, rəqibləri isə 125 dəfə qol sevinci yaşayıb.

Bugünkü matç baş məşqçi Berti Foqtsun bu postda yubiley - 45-ci qarşılaşması olacaq. 2008-ci ilin martından fasiləsiz olaraq, millimizin “sükanı arxası”nda olan almaniyalı bu müddətdə 10 qələbəyə sevinib. 11 heç-heçə edən Foqtsun yetirmələri 23 dəfə meydanı başıaşağı tərk ediblər. Bu matçlarda yığmamız 37 qolun sevincini yaşayıbsa, 70 dəfə qapıçımız topu tordan çıxarıb.