Azərbaycan kubokunun qalibi Kriştianu Ronaldo ilə tanışlığından danışdı
29.02.2012 - 11:15
Azərbaycan kubokunun qalibi Kriştianu Ronaldo ilə tanışlığından danışdı
Azərbaycan kubokunun qalibi Bruno Simao dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldodan danışıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün 2-ci yarısında “Xəzər Lənkəran”da 6 ay oynadıqdan sonra kənarlaşdırılan portuqaliyalı sol cinah müdafiəçisi məşhur həmyerlisi ilə çoxdan tanış olduğu bildirir. Simao ilə Ronaldonun hər ikisi 1985-ci ildə anadan olduğundan, bir-birlərini yaxşı tanıyırlar: “Bəli, mən bir vaxtlar Kriştianu ilə birgə oynamışam. Biz 12 yaşdan tanışıq. Portuqaliyanın 16, 17 və 18 yaşlılardan ibarət yığmasında birgə çıxış etmişik. Biz 17 yaşlılardan arasında Avropa çempionatının final mərhələsində oynadığımız zamanı daha yaxın tanış olduq. Biz Ronaldo ilə sonuncu dəfə haradasa 2010-11-ci illərdə görüşmüşük”.

Karyerasını Moldovada davam etdirməyə qərar verən Bruno yüksək liqa təmsilçisi “Milsami-Ursidos”la yaxında müqavilə bağlayıb. O, yeni ölkədə hava şəraiti və ailəsindən bəhs edib: “Moldovada soyuqdur! İndi Lissabonda 20 dərəcə isti var, insanlar çimərliyə gedir. Soyuq xoşuma gəlmir, ancaq mən buna da öyrəşərəm. Üstəlik, vaxtilə oynadığım Rumıniyada belə iqlim şəraiti var. Mən qar, nəsə qeyri-adi şeyi sevirəm. Şəxsi həyatımda hər şey yaxşıdır. Artıq 8 ildir həyat yoldaşımla birlikdəyəm, qızımızın 6 yaşı var. Karyeramı bitirdikdən sonra ailəmin yaşadığı Lissabona qayıtmaq istəyirəm. Öz işimi açmaq istərdim, nə olduğunu hələ bilmirəm. Ancaq bunun futbolla bağlı olmayacağı dəqiqdir. Karyeram ərzində bəzi pis anları keçmişəm və səhvləri təkrarlamaq istəməzdim. Ona görə də məşqçi və agent olmayacağım dəqiqdir. Özümü ailəmə və gələcəyimizə həsr etmək istəyirəm. Ancaq bu, futboldan kənarda olacaq”.

Qeyd edək ki, Simao 8 oyun keçirdiyi “Xəzər Lənkəran”ın heyətində Azərbaycan kuboku ilə yanaşı, Premyer Liqamızın gümüş medalını qazanıb.