Milli komandamızdan gənc “cəngavərlər”
29.02.2012 - 12:17
Milli komandamızdan gənc “cəngavərlər”
Fələstin yığması Dubaydakı təlim-məşq toplanışında sonuncu rəqibi olduğu Azərbaycan milli komandasından gəncdir. Apasport.az saytının məlumatına görə, ləqəbi “cəngavərlər” olan bu milli komanda 1998-ci ildən beynəlxalq oyunlarda çıxış etmək imkanına malikdir. Bu, yığmanı idarə edən Fələstin Futbol Federasiyasının (FFF) 14 il öncə Asiya Futbol Konfederasiyasına üzvü olandan sonra reallaşıb. Məlum olduğu kimi, 1992-ci ildə yaradılan AFFA 2 il sonra FİFA və UEFA-ya üzv qəbul olunub. Millimizin isə tarixi 1992-ci ilin sentyabrın 17-də Gürcüstan yığmasına 3:6 hesabı ilə uduzduğu yoldaşlıq görüşündən başlayır və bundan 2 il sonra seçmə mərhələdə debüt etmişik.

Əslində Fələstində 1930-cu ildə futbol komandası olub. Ancaq ərəblər orada yalnız ona görə oynamaq istəməyib ki, komanda yəhudilərin xoşu gəlsin deyə Fələstin adlandırılsın. FİFA qaydalarına görə FFF-nin Fələstin mandatı altında olan Futbol Federasiyasına heç bir aidiyyatı yoxdur. Həmin yığma 1930-cu ildə keçirilən ilk dünya çempionatının seçmə mərhələsində Erets İsrail Futbol Assosiasiyasının adı altında çıxış edib.

Rəqibimiz ilk oyununu 1953-cü ildə keçirərək, böyük uğursuzluğa düçar olub. Belə ki, səfərdə Misir yığması ilə oyun 1:8 hesablı məğlubiyyətlə nəticələnib. Bu, eyni zamanda Fələstin yığmasının tarixində ən böyük hesablı məğlubiyyətdir. 2006-cı ildə isə rəqibimiz ən böyük hesablı qələbəsinə sevinib. Bu, Quam yığmasını 11:0 hesabı ilə məğlub etdiyi matçdır.

Təbii ki, Fələstin də bizim dünya çempionatının final mərhələsində çıxa bilməyib. Onlar son 3, yığmamız isə 4 dünya çempionatının seçmə mərhələsində iştirak edib. Rəqibimiz son 3 Asiya kubokunun seçmə mərhələsində də məqsədinə çatmayıb. Bu 2 turniri nəzərə alsaq, Fələstin yığmasının hesabında 29 rəsmi oyun var. Bunlardan 6-da qələbə qazanılıb, 5-də heç-heçə, 18-də məğlubiyyət qeydə alınıb. Topların fərqi 28-55 rəqiblərinin xeyrinədir.

Camal Mahmudun baş məşqçisi olduğu yığmanın kapitanı Roberto Bişaradır. Millidə ən çox oyun Saib Cendeyanın hesabındadır – 70 matç. Bombardir isə 16 qol vuran Ziyad əl-Korddur. Ancaq onlar millimizlə oyuna açıqlanan 36 nəfərlik heyətdə yoxdur.

Qeyd edək ki, milli komandamız FİFA-nın son reytinqində 109-cu, Fələstin yığması 162-ci pillədədir.

Mehman SÜLEYMANOV