“Karyeram ərzində ilk dəfə belə halla Azərbaycanda rastlaşdım”
29.02.2012 - 14:39
“Karyeram ərzində ilk dəfə belə halla Azərbaycanda rastlaşdım”
"Simurq”la səfər oyunumuz maraqlı alındı. Rəqib güclü komandadır və biz bunu oyunun ilk dəqiqələrindən hiss etdik”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın legioneri Mario Luis Horvat klubun rəsmi saytına açıqlamasında deyib. Qış fasiləsində transfer edilən yarımmüdafiəçi Premyer Liqamızın ötən turunda “Simurq”a 2:0 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini bildirib: “Matçın əvvəlində hesabı aşmağımız işimizə yaradı. Sonadək üstünlüyü əldən vermədik və ikinci qolu vuraraq inamlı qələbə qazandıq".

Horvat Zaqataladakı matçda sonadək meydanda ola bilməyib. Belə ki, fasilədən sonra 2-ci sarı, ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk etmək məcburiyyətində qalan sloveniyalı futbolçu buna da münasibət bildirdi: "İlk halda yüz faizlik sarı vərəqəlik qayda pozuntusuna yol verdim. Ancaq ikinci epizodda nəyə görə cəzalandırıldığımı başa düşmədim. Mən xasiyyətcə intizamlı futbolçuyam. Komandamızı azlıqda qoyduğum üçün üzgünəm. Bununla belə, bir daha təkrar edirəm ki, qırmızı vərəqə almağım çox gözlənilməz oldu. Mən həyatımda ilk dəfə idi ki, qırmızı vərəqə alaraq meydanı tərk edirdim. Karyeram ərzində ilk dəfə belə halla Azərbaycanda rastlaşdım. Yaxşı ki, bu oyunda qalib gəldik. Yoxsa bunu özümə bağışlamazdım".