Aleksandr Starkovla görüş öncə Azərbaycan yığması xatırlandı
29.02.2012 - 15:03
Aleksandr Starkovla görüş öncə Azərbaycan yığması xatırlandı
Qazaxıstan yığmasının Azərbaycan milli komandası ilə 4 il öncəki yoldaşlıq görüşü xatırlanıb. Apasport.az saytının məlumatına görə, qazaxıstanlılar 2012-ci ildə ilk matçını bu gün Türkiyənin Antalya şəhərində Latviya yığması ilə keçirəcək. “Bakı”nı da çalışdıran Aleksandr Starkovun baş məşqçisi olduğu milli komanda ilə oyun öncəsi ilin ilk matçlarını yada salan Qazaxıstan mətbuatı 2008-ci ilin fevralın 3-ə qayıdıb.

Həmin vaxt Azərbaycan – Qazaxıstan matçı Antalyadakı “WOW Sport Centre” stadionunda keçirilmişdi: “Oyun Antalyanın çoxsaylı idman mərkəzlərinin meydançalarının birində keçirildi. Komandamızın azərbaycanlılarla matçı 1500 azarkeş yığa bildi. Qazaxıstan yığmasını meydana kapitan sarğısında Nurbol Jumaskaliyev çıxarmışdı. Əsas yığmamızda həmin vaxtdan mütəmadi yığmaya çağırılan futbolçular yalnız Aleksandr Mokinlə Sergey Ostapenkodur. Azərbaycanla oyunda Qazaxıstan yığmasına hollandiyalı Arno Paypers rəhbərlik edirdi. O, buna 1,5 ay qalmışa kimi Qazaxıstan Futbol Federasiyası ilə müqaviləni uzatmışdı. Matç sonda onu izləməyə gələn azarkeşləri qollarla sevindirmədi və qolsuz heç-heçə ilə nəticələndi. Özü də uğura daha yaxın azərbaycanlılar idi. Ancaq penaltini reallaşdıra bilmədilər. Zaur Ramazanovun zərbəsini Aleksandr Mokin qaytardı”.

Qeyd edək ki, həmin vaxt yığmamızın baş məşqçisi olan makedoniyalı Qyoko Hacıyevski Qazaxıstanla matçdan sonra postundan getdi.