Rəşad Sadıqov: Gah hakimlə dalaşdıq, gah da...
29.02.2012 - 20:30
Rəşad Sadıqov: Gah hakimlə dalaşdıq, gah da...
“Qapımıza ilk qol ofsayddan vuruldu. Hakim hər epizodda fitini səsləndirirdi. Belə də olmaz axı”. Bunu apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov deyib.

O, Dubaydakı təlim-məşq toplanışı çərçivəsində Fələstin yığmasına 0:2 hesabı ilə uduzduğumuz oyun barədə fikirlərini açıqıayıb.

Rəşadın sözlərinə görə, ilk hissədə oyunları alınmayıb: “Matça ləng başladıq. Baş məşqçinin tapşırdığı kimi başlaya bilmədik. Sonra yavaş-yavaş hakimin rəqibə rəğbəti futbolçuları özündən çıxarmağa başladı, əsəbiləşdirirdi. Demək olar ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Gah hakimlə dalaşdıq, gah da fikir ayrılığı oldu”.

Sadıqov azlıqdan qalmalarına baxmayaraq, 2-ci hissədə 10 nəfərlə daha yaxşı təsir bağışladıqlarını söyləyib: “Fasilədə baş məşqçinin tapşırıqları verdi və ortaya söz qoyduq ki, çıxıb, oyunun axarını dəyişməliyik. Hesab edirəm ki, 2-ci hissədə yaxşı futbol oynadıq, yaxşı qol imkanlarımız oldu. Sadəcə, rəqibin 1 yaxşı hücumu da oldu və onu dəyərləndirdi. Hesab oyuna görə deyildi. 10 nəfərlə qalmağımıza baxmayaraq, məğlub olmamalı idik. Sadəcə, qapıya son dəqiqə zərbələrimiz alınmırdı”.