“Milli komanda mənlik deyil”
01.03.2012 - 18:28
“Milli komanda mənlik deyil”
Əksər baş məşqçilər milli komandanı çalışdırmaq arzusu ilə alışıb yansa da U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan İngiltərənin çalışdırıcısı Stüart Pirs fərqli düşünür. Apasport.az saytının məlumatına görə, Fabio Kapellonun əsas yığmanı tərk etməsindən sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edən Pirs bu postdan ikiəlli yapışmaq niyyətində deyil.

O, Hollandiya ilə yoxlama oyunundakı 2:3 hesablı məğlubiyyətdən sonra əsas milli komandanın onluq olmadığı qərarına gəlib: “Hiss edirəm ki, əsas yığmada çalışa bilərəm. Hətta Avro-2012-nin final mərhələsində də yığmaya rəhbərlik etməyə çox şad olaram. Bunun üçün yetərincə təcrübəm də var. Lakin bunu yalnız onun üçün edirəm ki, futbol assosiasiyası yığmaya yeni baş məşqçi tapmağa vaxt qazansın. Millinin rəsmi baş məşqçisi başqası olmalıdır. Bu iş dəqiq mənlik deyil”.

Qeyd edək ki, Pirsin U-21-dəki yetirmələri ötən ilin payızında seçmə mərhələdə Azərbaycan yığmasına futbol dərsi keçmişdilər – 6:0.