908 günlük tilsimi qırdıq!
02.03.2012 - 00:01
908 günlük tilsimi qırdıq!
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) 908 günlük tilsimi qırdı. Apasport.az saytının məlumatına görə, almaniyalı Bernard Lippertin baş məşqçisi olduğu yığmamız 3 ildən sonra rəsmi oyunda qalib gəldi. Bu, 2013-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiyanın U-21-i ilə fevralın 29-da “Dalğa Arena”da keçirilən matçda reallaşdı – 1:0. İlə qələbə ilə başlayan yığmamız bunadək də seçmə mərhələdə sonuncu uğurunu Lippertin rəhbərliyi altında qazanmışdı. Söhbət 2009-cu ilin sentyabrın 4-də Albaniyanın U-21-i ilə ev oyunundan gedir – 3:2. Göründüyü kimi, onda da qələbə 1 top fərqi ilə olmuşdu. Fərq ondadır ki, həmin matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmişdi.

Ümumiyyətlə, bu 2 qələbə arasında oxşarlıq var. Belə ki, 3 il öncə də yığmamız fasiləyə kimi fərqlənərək, oyunun taleyini həll etmişdi. Yəni onda Bəxtiyar Soltanov, Mirhüseyn Seyidov və Ruslan Qurbanov hələ ilk hissədə rəqib qapısına yol tapmışdı. İndi yığmamız cəmi 1 qol vursa da, bu, həlledici oldu və qələbəyə bəs etdi.

Fərqlənən isə yığmamızda rəsmən debüt edən milliləşdirilən türkiyəli futbolçu Əli Gökdəmir oldu. Almaniyada çıxış edən müdafiəçi rəsmi oyunda yığmamızın formasında qol vuran növbəti milliləşdirilən legioner kimi tarixə düşdü. Mirhüseyn isə indiki qələbədə də iştirak edən azsaylı futbolçulardandır. Seyidov artıq yığmanın kapitanı kimi meydandan qalib ayrıldı.

Maraqlıdır ki, U-21-mizin son dəfə qol buraxmadığı matç da albanlarla sentyabrda Respublika stadionundakı oyununa təsadüf edib. Ancaq bu, 2008-ci ilin sentyabrın 10-da keçirilən rəsmi matç olub. Onda qolsuz bərabərlik qeydə alındığından, ümumiyyətlə, qapılardan top keçməyib. Yəni 4 il sonra yenə qol buraxmayıb, bu dəfə qalib gəldik.

Qeyd edək ki, gənclər yığmamız Avropa çempionatlarının seçmə mərhələlərində 9 il qələbə üzünə həsrət qaldı. 2001-ci sentyabrın 4-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Makedoniyanı Ramal Hüseynovun oyunda vurduğu qolla 1:0 hesabı ilə məğlub edən millimiz bundan sonra 3287 günlük qələbəsizlik yaşadı. Bu müddətdə yığmamız 37 dəfə meydana çıxaraq, uğur qazana bilmədi.

Mehman SÜLEYMANOV