Futbol qaydalarında 5 dəyişikliyə baxılacaq
02.03.2012 - 09:48
Futbol qaydalarında 5 dəyişikliyə baxılacaq
Birləşmiş Millətlər Təşkilatı (BMT) FİFA-nı islam qadınlarına hicabda futbol oynamağına icazə verməyə çağırıb. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumunun prezidenti Yozef Blatterin ünvanına göndərilən məktubda bununla hamının oynamaq üçün eyni imkana malik olacağı bildirilir.

Futbol meydanlarına müsəlman örpəklərinin qadağan olunmağına qarşı çıxan FİFA-nın vitse-prezidenti, İordaniyanın şahzadəsi Əli əl-Hüseyn bu məsələni qurumun qanunvericilik komitəsi olan Futbol Assosiasiyalarının Beynəlxalq Şurasında (FABŞ) sabah keçiriləcək iclasında qaldırmaq fikrindədir. Futbol oynayarkən hicabın qadağa qoyulmağı 5 il öncə təhlükəsizlik fikri ilə edilib. Ötən ilin iyununda İran millisi olimpiya təsnifat mərhələsində İordaniya yığması ilə oyundan ona görə baş tutmamışdı ki, qadınları meydana hicabsız çıxmaqdan imtina etmişdilər.

Ümumiyyətlə, FABŞ-ın sabah Londonda keçiriləcək 126-cı toplantısında 5 məsələyə baxılacaq. Digər 4 məsələdən biri əlavə vaxt olarsa, komandalara 4-cü dəyişikliyin edilməsinə icazə verən qaydanın tətbiqidir.

Topun qapı xəttini keçdiyini müəyyənləşdirən texnologiyanın tətbiqinin müzakirəsi gündəlikdə durur. Bundan əlavə, hakimlərin cərimə zərbəsini təyin edərkən, “canlı sədd”in topdan 9 metr aralında olduğunu qeyd edən xüsusi vasitənin istifadəsinə və futbolçuya üçqat cəzanın verilməyinə baxılacaq. Bu da ondan ibarətdir ki, futbolçu 1 qayda pozuntusu ilə meydandan dərhal qovulmaq, diskvalifikasiya və öz komandasının qapısına penaltinin təyin edilməyini aldığından, birbaşa qırmızını ləğv etməklə, cəzanı yüngülləşdirmək nəzərdə tutulub.