Aslan Kərimovdan 99 addım öndə dünya rekordu
02.03.2012 - 13:01
Aslan Kərimovdan 99 addım öndə dünya rekordu
Dünya futbolunda yeni rekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Misir yığmasının futbolçusu Əhməd Həssən Niger millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə 179-cu dəfə meydana çıxıb. 36 yaşlı yarımmüdafiəçi sona 14 dəqiqə qalmış oyuna girərək, dünyada yığmada ən çox matç keçirən futbolçu olub. Bununla Əhməd liderlər olan Səudiyyə Ərəbistan yığmasının qapıçısı Məhəmməd Əl-Deaya ilə meksikalı müdafiəçi Klaudio Suaresin rekordunu qırıb.

Millidə çıxışına 1995-ci ildə 20 yaşında başlayan Həssən 3 dəfə Afrika çempionu olub. O, 2006-cı ildə 4 qol vurduğu turnirin qalibi olduqları yarışın ən yaxşı futbolçusu da seçilib. Millidə 33 qol vuran misirli Türkiyədə 8 il çıxışından daha çox tanınıb ki, bunda ən güclü klub “Beşiktaş” olub. Hazırda vətənində “Zəmələk” klubunda oynayan Əhməd 40 yaşına kimi oynamaq fikrində olduğunu açıqlayıb. Bununla da onun yığmada oyun sayını 200-ə çatdırmağı realdır.

Qeyd edək ki, millimizdə oyun sayına görə rekordçu artıq futbolçu karyerasını bitirən Aslan Kərimovdur. Hazırda “Sumqayıt”da məşqçisi işləyən 39 yaşlı keçmiş yarımmüdafiəçinin hesabında 80 oyun var. Göründüyü kimi, dünya rekordu bizim rekorddan 99 matç çoxdur. Aslanın oyun sayında ən yaxın izləyicisi kapitanlığı təhvil verdiyi, “Qarabağ”da da birgə oynadığı müdafiəçi Rəşad Sadıqovdur.