“Xəzər Lənkəran”la oyunları xatırlayıram”
02.03.2012 - 16:16
“Xəzər Lənkəran”la oyunları xatırlayıram”
“Azərbaycana AFFA-nın baş katibi Elxan Məmmədovun dəvəti ilə gəlmişəm. Onunla Almaniyada tanış olmuş və, həmin vaxt möhkəm dostlaşmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının sabiq futbolçusu Dario Şimiç deyib.

Yığması ilə DÇ-1998-in bürünc mükafatçısı olan xorvatiyalı futbol veteranı hazırda Azərbaycanda səfərdədir. 2012-ci ildə Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə Bakıya gələn Şimiç mundialdakı vəzifəsini açıqlayıb: “Əsas işim insanların dünya çempionatı zamanı könüllülər sırasına qatılmasına kömək etmək olacaq. Xorvatiyada da demək olar eyni işi görürdüm. Başqa ölkələrə də bu tip kömək etmişəm. Qarşıdakı mundialda Azərbaycan və Xorvatiya yığmaları görüşsə, kimə azarkeşlik edəcəyimi demərəm. Çünki mən xorvatiyalıyam. Ən yaxşısı susmaqdır”.

Futbolçu karyerası ərzində Xorvatiyanın “Dinamo” (Zaqreb), İtaliyanın “İnter” və “Milan”, həmçinin Fransanın “Monako” klubunda çıxış etmiş xorvatiyalı Azərbaycan haqda məlumatlı olduğunu bildirib: “Azərbaycan futboluna böyük vəsait qoyulduğunu bilirdim. Lakin gördüklərim eşitdiklərimin yanında heç nədir. Orta məktəblərin birində uşaqların AFFA tərəfindən inşa olunan süni örtüklü meydanda necə top qovmalarını izləmək çox xoş idi. Ötən il Zaqreb “Dinamo”sunun “Neftçi” ilə Çempionlar Liqasındakı oyunlarını izlədim. Bizim sizin çempionu üstələməyimizdə təəccüblü heç nə yoxdur. Çünki sizi qabaqlayırıq. Lakin fərq azalmaqdadır. Mən “Xəzər Lənkəran”la oyunları da xatırlayıram. Onda Zaqreb təmsilçisi üçün çətin olmuşdu. Ümumilikdə futbolunuz inkişaf edir”.

Avro-1996-nın Xorvatiya – Almaniya oyununu xatırlayan Şimiç Berti Foqtsun rəhbərlik etdiyi komandanın qələbəsini ədalətli sayır: “O vaxt almaniyalılar 2:1 hesabı ilə qalib gələndə müəyyən söz-söhbət yaranmışdı. Lakin onlar layiqli qalib gəlmişdilər. 2 il sonra DÇ-də onları 3:0 hesabı ilə udmaqla balaca ölkəmiz haqda dünyada söz etdirdik, sonda da 3-cü olduq. Sizin yığmaya da bunu arzulayıram”.

Qeyd edək ki, Dario FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən dünya çempionatının dostu seçilib.