Fatih Kavlak: Səfərə heç-heçə arxasınca getmirik
02.03.2012 - 16:22
Fatih Kavlak: Səfərə heç-heçə arxasınca getmirik
“Rəvan” ciddi rəqibdir. Onlar artıq birinci dövrədə Qəbələdə keçirilən oyunda bunu sübut ediblər. Sabit heyətə malikdirlər. Komandanın ilk altılıq şansını itirməsinə baxmayaraq, bizimlə matçda sonadək mübarizə aparacaqlarından əminəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

“Qəbələ” Premyer Liqanın XXII turu çərçivəsində sabah Bakıda “Rəvan”la üz-üzə gələcək. Matç öncəsi komandanın türkiyəli çalışdırıcısı Fatih Kavlak fikirlərini gabalafc.az-la bölüşüb: “Bildiyiniz kimi sözügedən oyunda xal qazanmaqla ilk altılığa vəsiqənin təmin edəcəyik. Amma səfərə heç-heçə arxasınca getmirik. Məqsədimiz qələbə qazanmaqdır. Bu oyunda maksimum nəticə əldə etməklə, həm altılığa vəsiqəni təmin etmək, həm də xal ehtiyatımızı artırmaq istəyirik. Komandada yüksək ab-hava hökm sürür. Zədəlilərimiz sıraya dönüblər. Milli komandanın heyətində olan Mahir Şükürovla Aleksandr Çertoqanov da bu gün bizə qoşulacaqlar”.

Qeyd edək ki, “Rəvan” – “Qəbələ” matçı 16:30-da start götürəcək.