Premyer Liqa: “Altılığ”ın bütün iştirakçıları bəlli oldu
03.03.2012 - 16:23
Premyer Liqa: “Altılığ”ın bütün iştirakçıları bəlli oldu
Premyer Liqanın təsnifat mərhələsinin sonuna 1 tur qalmış ilk “altılığ”ın bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son 2 vəsiqə “Bakı” ilə “Qəbələ”yə nəsib olub.

Bu, az öncə başa çatan “Bakı” – “İnter” və “Qarabağ” – AZAL matçlarının nəticələrindən sonra müəyyənləşib.

“Zolaqlılar”a final mərhələsinə çıxmaq üçün bu gün uduzmamaq da yetərli olsa da, komanda Bakı derbisində 1:0 hesablı qələbə sayəsində vacib 3 xal yazdı. AZAL isə şansını saxlamaq üçün Ağdamda mütləq qələbə qazanmalı idi. “Təyyarəçilər” buna nail ola bilmədiyindən, “Qəbələ” “Rəvan”la səfər matçına çıxmadan final mərhələsinə vəsiqə qazandı. Bununla da “Bakı” və “Qəbələ” ilə yanaşı, “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ” mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, ötən mövsümlə müqayisədə “altılıq”da bir dəyişiklik var. Bu da sonda 4-cü yeri tutaraq Avroliqada vəsiqə qazanan AZAL-ın əvəzinə “Qəbələ”nin olmağıdır.

Qəbələlilər ilk “altılığ”ın keçirildiyi 2009/10 mövsümündə çıxış edərək, onda da 6-cı pillənin sahibi kimi vəsiqə qazanmış və sona kimi mövqeyində qalmışdı. “Bakı” isə əvvəlki final mərhələlərinin yekununda müvafiq olaraq 2-ci və 6-cı olub.

Mehman SÜLEYMANOV