Dünya çempionatına 200 gün qaldı
05.03.2012 - 15:09
Dünya çempionatına 200 gün qaldı
Bu gün Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına 200 gün qaldı. Apasport.az saytının məlumatına görə, sentyabrın 22-də başlayacaq və 21 gün davam edəcək turnirdə 16 ölkənin millisi qalibiyyət üçün yarışacaq. Azərbaycan dünyanın 15 müxtəlif ölkəsindən milli yığmaları və ararkeşləri qəbul edəcək. Artıq Şimali Koreya, Yaponiya və Çinin çempionatda iştirakı təsdiqlənib və 29 iyun tarixində iştirakçı olacaq son ölkələrin də təsdiqlənməsi gözlənilir.

Afrika Futbol Konfederasiyasının məlumatına əsasən 20 yanvar və 5 fevral tarixləri arasında Botsvana, Kamerun, Qambiya, Qana, Qvineya, Keniya, Namibiya, Nigeriya, Syerra Lyona, Cənubi Afrika, Tunis və Zambiyanın da iştirak etdikləri birinci təsnifat mərhələsi keçirilib. 9 və 25 mart tarixləri arasında baş tutacaq ikinci təsnifat mərhələsinə 6 komanda vəsiqə qazanıb və oyunların sonunda 3 ölkə çempionatda iştiraka haqq qazanacaq.

UEFA-da isə birinci təsnifat mərhələinin oyunları artıq tamamlanıb. Aprel ayının ortalarında 16 komandanın iştirak etdiyi (Almaniya, Hollandiya, İsveçrə, Polşa, İrlandiya, İsveç, Norveç, Fransa, İngiltərə, Finlandiya, Danimarka, Serbiya, Belçika, Çexiya, İspaniya, İslandiya) ikinci təsnifat mərhələsinin oyunları tamamlanacaq. 26-29 iyun tarixləri arasında İsveçrənin Nyon şəhərində keçiriləcək final mərhələsi oyunlarında 2 komanda çempionatda iştirak üçün Azərbaycana gəlməyə haqq qazanacaq.

CONCACAF seçimləri 2-13 may tarixlərində Qvatemalada keçiriləcək. Burada isə səkkiz komanda final mərhələsində yarışacaq: Panama, Qvatemala, Kanada, Meksika, ABŞ, Trinidad və Tobaqo, Yamayka və Bahama adaları.

9-14 aprel Yeni Zelandiyada keçiriləcək OFC seçmə mərhələsinin sonunda bir milli komanda çempionata vəsiqə qazanacaq.

3 ölkənin çempionata vəsiqə qazanacağı CONMEBOL seçimləri isə 10 və 26 mart tarixlərində Boliviyada baş tutacaq.

Yerli Təşkliat Komitəsi uzun müddətdir ki, çempionata hazırlıq məqsədilə bütün istiqamətlərdə işləri davam etdirir. YTK ilə yanaşı həmçinin U-17 milli yığmamız da çempionata hazırlıq məqsədilə müxtəlif ölkələrin yığmaları ilə yoldaşlıq oyunları keçirir və müxtəlif seminarlarda iştirak edir. Xatırladaq ki, Azərbaycanın adı FIFA icraiyyə komitəsinin 19 mart 2010-cu il tarixli qərarına əsasən U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edəcək ölkə olaraq açıqlanmışdı. Geri sayım sayğacı isə çempionatın başlanmasına 305 gün qalmış Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən işə salınmışdı.