İqor Getman: Gəlin, bu qədər uzağa getməyək
05.03.2012 - 15:27
İqor Getman: Gəlin, bu qədər uzağa getməyək
“Sergey Yuranın istefası mənim üçün gözlənilməz oldu. Mən onun postundan belə tez gedəcəyini gözləmirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un baş məşqçi əvəzi İqor Getman deyib.

Ötən yay dəvət olunan rusiyalı çalışdırıcı Sergey Yuran Premyer Liqanın ötən turunda “Kəpəz”ə səfərdə uduzduğu oyundan sonra istefa verib.

Bundan sonra komandaya müvəqqəti rəhbərlik etmək tapşırılan 41 yaşlı Getman təcrübəli həmkarından xeyir-dua alıb: “Yuranın istefasından sonra onunla söhbətim olub. Mənə uğurlar arzuladı. Elə oldu ki, baş məşqçi əvəzi mənim olmağım məqsədəuyğun sayıldı. Mən də rəhbərliyin etimadını doğrultmağa çalışacağam. Mövsümün sonunadək baş məşqçi olmağıma gəlincə, gəlin, bu qədər uzağa getməyək. Mənə komandanı növbəti oyuna hazırlayıb, çıxarmaq tapşırılıb və bundan sonra baş məşqçi məsələsinə rəhbərlik qərar verəcək”.

Komandaya qış fasiləsində dəvət olunan Getmanın əsas komandada baş məşqçi kimi debütü martın 7-də olacaq. Həmin gün “Simurq” Ağdamda “Qarabağ”la matça çıxacaq. Özü də Getmanı debütdəcə ona yaxşı tanış həmkarı ilə sınaq gözləyir. Belə ki, o, futbolçu karyerasında yığmada və “Neftçi”də birgə oynadığı Qurban Qurbanovun “ağ-qaralar”da 2006/07 mövsümündə köməkçisi olub.

“Simurq”un çalışdırıcısı asanlıqla təslim olmaq fikrində deyil: “Rəqibimiz baxımlı futbol nümayiş etdirən komandadır. Bu üzdən güclü komanda ilə səfər oyununda bizə çətin olacaq. Ancaq biz də Ağdamda nəticə qazanmaq üçün sona kimi mübarizə aparacağıq. Ümid edirəm ki, Premyer Liqamızda baş məşqçi kimi debütüm pis alınmayacaq”.

Qeyd edək ki, Getman futbolçu karyerası ərzində ölkə daxilində yalnız “Neftçi”də oynayıb və uzun müddət orada köməkçi məşqçi işləyib. Keçmiş müdafiəçi milli çempionatımızda oyun sayında rekordçu olduğu “ağ-qaralar”da başqa vəzifələrdə də çalışaraq, bir müddət əvəzedici heyətinin baş məşqçisi olub.

Mehman SÜLEYMANOV