“Simurq”da daha 2 istefa
05.03.2012 - 15:52
“Simurq”da daha 2 istefa
“Simurq”da daha 2 məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Sergey Yuranın ardınca onun ötən yay özü ilə birgə gətirdiyi köməkçiləri Yuri Yuranla İqor Yuşenko da komandadan ayrılıb. Onlar rusiyalı çalışdırıcının istefasından sonra Zaqatala təmsilçisində qalmaq istəməyərək, getməyi daha məqsədəuyğun sayıb. Bunlardan Yuri 43 yaşlı Yuranın böyük qardaşı idi və komandanın təhlili ilə məşğul olurdu.

Əcnəbilərin gedişi ilə “Simurq”da 2 məşqçi qalıb ki, bunlar yerlilər – əsas köməkçilərdən olan İqor Getmanla qapıçılarla işləyən Emil Balayevdir. Klub rəhbərliyi qış fasiləsində dəvət etdiyi bu 2 məşqçidən Getmana üstünlük verərək, komandanı müvəqqəti çalışdırmağı ona tapşırıb. O da öz növbəsində Nizami Ocaqverdiyevi özünə köməkçi götürüb.

Belə ki, “Simurq”un əvəzedici komandasının baş məşqçisi olan Ocaqverdiyev Premyer Liqanın növbəti turunda martın 7-də “Qarabağ”la səfər oyununda Getmanın rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.


Mehman SÜLEYMANOV