Azərbaycan – Bəhreyn matçı baş tutmaya bilər
05.03.2012 - 18:00
Azərbaycan – Bəhreyn matçı baş tutmaya bilər
Azərbaycan millisinin avqustun 15-də Bəhreynlə nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, FİFA-nın Asiya təmsilçisini cəzalandıracağı gözlənilir.

Belə ki, FİFA nəticəsindən şübhələndiyi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Bəhreyn – İndoneziya oyunu ilə bağlı araşdırma aparır və yaxın günlərdə bununla bağlı rəsmi qərarını açıqlayacaq.

Fevralın 29-da keçirilən həmin matç bəhreynlilərin 10:0 hesablı qələbəsi ilə nəticələnib. Rəqibimiz qrupda Qətər yığmasını qabaqlayıb, növbəti mərhələyə çıxmaq üçün 9 top fərqi ilə qalib gəlməli idi.

Bəhreynlilərə həmin vaxt paralel keçirilən Qətər – İran oyununda qonaqların qələbəsi lazım olsa da, meydan sahibləri sona yaxın hesabı 2:2 etməklə, onların arzusunun üstündən xətt çəkib. Bununla, 10:0 hesablı qələbə əhəmiyyətsiz olub.

FİFA rəsmiləri indidən belə versiya irəli sürür ki, hər 2 Asiya iştirakçısı cəzadan qaça bilməyəcək və bu, yaxında gerçəkləşəcək. Bəhreyn yığması cəzalı olarsa, Bakıya gəlməyə bilər. Çünki diskvalifikasiya qeyri-rəsmi oyunlara da aiddir və ən əsası, avqustun 15-i FİFA-nın “pəncərəsi”ndə matç keçirmək üçün nəzərdə tutulan rəsmi gündür.