Azərbaycanlı hücumçu del Pyero və Kərim Benzemadan öndə
06.03.2012 - 11:46
Azərbaycanlı hücumçu del Pyero və Kərim Benzemadan öndə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq görüşlərdə ən çox qol vuranların yer aldığı cədvəldə 102 bombardir qərarlaşıb. Bunlar milli komanda və qitə kuboklarında ən azı 36 dəfə fərqlənənlərdir.

2001-11-ci illərdə Fil Dişi Sahili yığmasında 50, “Marsel” (Fransa) və “Çelsi”də (İngiltərə) 42 qol vuran Didye Droqba hesabındakı 92 topla planetin ən yaxşısıdır. 88 dəfə fərqlənən Miroslav Kloze daha çox millidə sevinib – 63. O, digər 25 qolunu klublarda vurub. Üçüncü olan Ruud van Nistelroy Hollandiya yığmasında 34, klubların heyətində isə 53 dəfə rəqib qapısına yol tapıb.

102 nəfərlik siyahıda Azərbaycan təmsilçisi olmasa da, milliyyətcə azərbaycanlı olan Əli Daei planetin ən məhsuldar futbolçuları arasındadır. XXI əsrdə İran milli komandasında 39 qol vuran hücumçu çıxış etdiyi “Herta” (Almaniya) və “Səba”da (İran) daha 5 dəfə fərqlənib. Bu 44 qolla Daei dünyada 63-cüdür. O, Robin van Persi, Luis Suares, Emmanuel Adebayor, Fernando Torres, Alesandro del Pyeo, Karlos Teves, Kərim Benzema kimi ulduzları da arxada qoyub.