AFFA-dan Vasilyevə ağır cəza
06.03.2012 - 13:46
AFFA-dan Vasilyevə ağır cəza
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqasının martın 3-də keçirilən XXII turunda baş verən xoşagəlməz hadisələr də yığıncaqda müzakirə olunub və müvafiq qərarlar verilib

“Rəvan” – “Qəbələ” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Rəvan”ın qapıçısı İvan Vasiliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin matçın videoyazısını izlədikdə futbolçunun qeyri etik jest göstərdiyi və meydanı tərk etdiyi vaxt matçın baş hakiminə tərəf tüpürdüyü aşkar edilib. Bu səbəbdən İvan 6 oyunluq cəzalanıb, komandası isə 5000 manat cərimə ödəməlidir.

“Sumqayıt” – “Xəzər Lənkəran” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 1000 manat ödəməli olacaq. Oyunun 40-cı dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya - tüstü şaşkası atıldığı üçün qonaqlar daha 2000 manat ziyana düşüb.

“Bakı” – “İnter” matçının 65-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Elvin Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb. Paytaxtın eyniadlı təmsilçisi isə 2000 manar cərimə olunub.

Mənbə: affa.az