Vaqif Əliyev: Görünür, maddi imkanı yaxşıdır, futbola ehtiyacı yoxdur
06.03.2012 - 15:13
Vaqif Əliyev: Görünür, maddi imkanı yaxşıdır, futbola ehtiyacı yoxdur
“Poşkus düşərgəmizdən özbaşına gedib. Biz onu komandadan çıxarmamışıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.

Əliyev qış fasiləsində hazırlıq prosesini buraxan litvalı futbolçu Robertas Poşkusun yenidən onları çətin vəziyyətdə qoyduğu bildirib: “Heç kimə demədən əşyalarını yığıb, Bakıya gedib. Gedəndən sonra xəbər tutmuşuq. Deyib ki, zədəm var. Düzdür, “Kəpəz”lə oyunda dabanından yüngül zədəsi vardı. Ancaq bu, elə ciddi deyil ki, komandadan ayrılıb, kənarda müalicə etdirəsən. Poşkusun əli qırılmayıb, başı yarılmayıb ki, onun müalicəsinə getsin. Belə münasibətdən sonra onu komandaya qaytarmaq fikrimiz yoxdur. Robertasla müqaviləni pozacağıq”.

İcraçı-direktor Poşkusla əlaqə saxlamağa məsələni aydınlaşdırmağa lüzum görmür: “Mən onunla niyə əlaqə saxlayım ki... Qoy, Poşkus məni axtarıb, əlaqə saxlayıb, hərəkətinə aydınlıq gətirsin. Onun məsələsinə qayıtmağa lüzum görmürük. Onsuz da qış fasiləsində uzun müddət hazırlıq prosesimizdən kənarda qaldı. Biz də onu ailə problemini başa düşdük, icazə verdik. Ancaq Robertas uzun müddət düşərgəmizdə olmadı. Onun problemi yarananda dekabr idi, indi isə martdır. Ona görə də Poşkus qayıdanda onu vaxtında gəlmədiyinə görə cərimələmişdik”.

Əliyevin sözlərinə görə, Robertas futbolçu karyerasını davam etdirməkdə maraqlı deyil: “Məncə, onun daha oynamaq fikri yoxdur. Görünür, maddi imkanı yaxşıdır, futboldan qazandıqlarına ehtiyacı yoxdur. Hər halda, hər dəfə gedib-gəlir, bunlar da xərcdir. İstənilən halda, bizim icazəsiz olmadan heç bir kluba keçə bilməz. Çünki bu ilin iyunun 30-a kimi bizimlə müqaviləsi var. Bu müddətdə müəyyən məbləğin qarşılığında onun transfer vərəqini verə bilərik”.

Qeyd edək ki, Poşkus cari mövsümdə vurduğu 8 qolla “Simurq”un bombardiridir.

Mehman SÜLEYMANOV