6-cı duel
07.03.2012 - 00:01
6-cı duel
Bu gün “Qəbələ” “Kəpəz”in qonağı olacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqanın XIX turundan təxirə salınmış bu oyun komandalar arasında 6-cı duel olacaq. İndiyədək 5 dəfə üz-üzə gələn komandalar yalnız Premyer Liqa oyunlarında münasibətlərini ayırd ediblər.

“Qəbələ”nin “Kəpəz”lə ilk oyunu ötən mövsümə təsadüf edib. Həmin vaxt “Gəncə” adlanan komanda 2 dəfə təsnifat, 2 dəfə final mərhələsində “Qəbələ”yə rəqib olub. Maraqlıdır ki, 4 matçın heç birində qalib müəyyənləşməyib. Həm də bərabərliklərin 3-də qapılara qol da vurulmayıb. Komandaların oyunlarındakı tarazlıq yalnız cari mövsümdə pozulub. Ardıcıl 4 heç-heçədən sonra “Qəbələ” öz meydanında ilk qələbəsini qazanıb.

Cari mövsümdən tarixi adına qovuşan “Kəpəz” isə indiyədək “Qəbələ” üzərində qələbə qazanmayıb. Baş tutan 5 oyunda cəmi 1 qol vuran gəncəlilər buna da səfərdə nail olub. 3-cü dəfə öz meydanında “Qəbələ”ni qəbul edəcək “Kəpəz” öz meydanında qola da həsrətdir.

Qeyd edək ki, “Qəbələ” 1 qələbə qazanıb, 4 heç-heçə etdiyi qarşılaşmalarda 3 qol vurub, 1-ni buraxıb.

“Kəpəz”lə bütün oyunlar

2010/11  31.10.2010  Premyer Liqa  Gəncə - Qəbələ  0:0
2010/11  27.02.2011  Premyer Liqa  Qəbələ - Gəncə  0:0
2010/11  02.04.2011  Premyer Liqa  Qəbələ - Gəncə 1:1
2010/11  12.05.2011  Premyer Liqa  Gəncə - Qəbələ  0:0
2011/12  16.10.2011  Premyer Liqa  Qəbələ - Kəpəz (Gəncə) 2:0