“Həmin vaxt özünü “yandıra” bilərsən”
06.03.2012 - 18:00
“Həmin vaxt özünü “yandıra” bilərsən”
“İnter” klubunun kapitanı Vladimir Levinin apasport.az saytına müsahibəsi

- Hesabat turunda “Bakı”ya uduzmaqla, komandanızın 19 oyunluq seriyası qırıldı. Bundan sonra əhval-ruhiyyəniz necədir?
- Əlbəttə, əhval-ruhiyyəmiz korlanıb. Uduzmaq xoş deyil. Ancaq nə etmək olar? Biri udar, biri uduzar. “Bakı” bizdən güclü oynayıb, 1:0 hesabı ilə qalib gəldi. İndi biz də qələbəmizi növbəti turda qazanmalıyıq. Bunun üçün sabah evdə “Rəvan”a qalib gəlməliyik.

- Rəqibin ilk “altılıq”dan kənarda qalması oyuna təsir göstərə bilərmi?
- Buna sabah baxarıq. Fikrimcə, “Rəvan” da qələbəyə oynayacaq. Ona görə də görüşə yanaşıb, sonadək mübarizə aparmalıyıq. Qalib gəlmək istəyirik və buna çalışacağıq. Ola bilsin ki, gərginlik bir az olsun, ancaq istənilən halda, “Rəvan” 90 dəqiqə boyu döyüşəcək.

- “Qəbələ” “Rəvan”a ötən tur səfərdə asanlıqla qalib gəldi. Siz də bunu bacara bilərsiniz?
- Həmin matçı izlədik. “Qəbələ”nin artıq 25-ci dəqiqəyədək 3 qol vurub, matçın taleyini həll etdi. Bizim hansı nəticəyə imza atacağımızı oyun göstərəcək.

- “Bakı”ya məğlubiyyəti təhlil etmisiniz. Uzun müddətdən sonra uduzmağınızı səbəbini nədə görürsünüz?
- Ola bilər ki, ilk hissəni boşa verdik, müdafiədə uğursuz çıxış etdik və nəticədə qol buraxdıq. Bundan sonra bizim üçün hesabı bərabərləşdirmək çətin idi. Çünki rəqib daha çox müdafiə olunub, əks-hücumlarda oynayırdı. Bu zaman “Bakı”nın müdafiəsini yarmaq asan məsələ deyildi. Düzdür, bir neçə yaxşı qol imkanı yaratsaq da, bundan istifadə edə bilmədik. Fikrimcə, sabah yaxşı təsir bağışlayıb, qol imkanlarımızı reallaşdıra biləcəyik.

- Baş məşqçiniz Kaxaber Sxadadze oyundan sonra bildirib ki, komandanın uzun müddət uduzmamağı psixoloji gərginlik yaradırdı. Bir kapitan kimi, bu haqda nə deyə bilərsiniz?
- Əlbəttə, komanda uzun müddət məğlub olmayanda, bu öz təsirini göstərir. Həmin vaxt özünü “yandıra” bilərsən. Belə götürəndə, uduzmaq istəmirsən, ancaq məğlubiyyətsiz seriyanı uzatmağı çox istəyəndə, əks nəticəsini görə bilərsən. “Bakı” ilə oyunda belə də oldu.

- “Bakı”nı sabah lider “Neftçi” ilə ağır sınaq gözləyir. Siz də bu oyunun nəticəsində maraqlısınız. Çünki komandanız qalib gəlsə, “Neftçi” isə uduzsa, aradakı xal fərqi yenidən minimuma düşəcək...
- Başa düşürsünüz, “altılığ”a düşən komandaların oyunları gərgin olur və proqnoz vermək çox çətindir. Prinsipcə, final mərhələsinin iştirakçılarının hamısı bərabər səviyyəli komandalardır. Kim yaxşı hazırlaşıbsa, kimin daha çox bəxti gətirəcəksə, o da qalib gələcək.

- “Bakı” “Neftçi”yə qalib gəlsə, 1-ci və 6-cı yerdəki komandalar arasında xal fərqi 8-ə enəcək. Final mərhələsində 10 turun olacağını nəzərə alsaq, mübarizə daha da gərginləşəcək...
- Əlbəttə, bu zaman mübarizə daha da maraqlı olacaq. Baxaq görək, rəqiblərimiz necə oynayacaq.

- Sizcə, hamının çempionluq şansları bərabərdir, yoxsa?
- Bizim üstünlüyümüz bir qədər çox xalımızın olmasıdır. Ancaq başqa üstünlük olmayacaq. Prinsipcə, komandalar təxminən bərabər səviyyəlidir. Ona görə də hamının şansları eynidir. Kimin daha güclü olduğunu, mükafatçıların kim olacağını, avrokuboklara vəsiqə qazananları zaman göstərəcək.

- İstənilən halda, komandanızın qarşısında çempionluq vəzifəsi durur...
- Bəli, biz buna nail olmaq istəyirik. Çalışacağıq ki, yenidən çempion olaq. “Altılıq”da heç kim təsadüfi yer almayıb və gərgin matçları izləyəcəyik. “Altılıq” oyunları həm azarkeşlər, həm də bizim üçün çox maraqlı olacaq.

- Bu mənada ehtiyat oyunçular skamyasının geniş olması vacibdir. Komandanız qış fasiləsində cəmi 1 transfer etdi. Rəqiblərinizdən isə çox transfer edənlər oldu. Bu mənada ehtiyat oyunçular skamyanızın qısa olmağı sizə problem yaratmayacaqmı? Sona kimi ağır yüklənməyə, 2 cəbhədə - həm çempionatda, həm də kubokda oynayıb, sıx qrafikə dözə biləcəksiniz?
- Bu baxımdan problem görmürəm. Bizdə ehtiyatda yaxşı futbolçular var. Əlbəttə, onlar meydana çıxıb, oyunumuzu gücləndirə bilərlər. Rəqiblərimizdə daha çox təcrübəli futbolçunun olmağı onlar üçün müsbətdir. Ancaq bizdə də hamı yaxşı hazırlaşıb. Qışda yaxşı təlim-məşq toplanışı keçdiyimizdən, problem olmayacaq.

Mehman SÜLEYMANOV